BMT azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına dəstək verdi - TƏHLİL

BMT azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına dəstək verdi - TƏHLİL

Tarix dəyişir və dünyada müasir dövrün tələblərinə uyğun olaraq yeni reallıqlar yaranır. Belə məsuliyyətli tarixi dövrdə Azərbaycan regionun lider dövləti olaraq apardığı düzgün və əsaslı siyasəti ilə bölgədə sülhün, təhlükəsizliyin yaranmasına mühüm töhfələr verir. Bununla paralel olaraq Azərbaycan dövlətinin və xalqının məqsədi, hədəfi dəyişməyib- əsrlər boyu azərbaycanlıların qurub yaratdıqları Qərbi Azərbaycana qayıdış mütləq baş tutmalıdır. Daha doğrusu, bu istiqamətdə xalqın böyük coşqu ilə apardığı mübarizə onu deməyə əsas verir ki, çox yaxın zamanlarda 300 minə yaxın azərbaycanlı Qərbi Azərbaycandakı yurd yerlərinə qayıdacaqlar. 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Prezident İlham Əliyev əminliklə qeyd etmişdir ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar: "Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Prezident İlham Əliyev onu da bildirmişdir ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur: "Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar... Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq".

Proseslərin inkişafı onu deməyə əsas verir ki, artıq dünyanın əksər ölkələri, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar Azrbaycanın haqq mübarizəsini dəstəkləyirlər. BMT açıq formada Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi torpaqlarına qayıdışının təmin olunması çağırışı ilə Ermınistana müraciət edir. Hələlik, Ermənistan nüfuzlu təşkilatın əsaslı mövqeyinə reaksiya vermir. Bu isə azğınlığın nümunəsi hesab edilir. Belə yol tutmaqla Ermənistan beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirmiş olur. Nəticə Ermənistan üçün ağır ola bilər. Ən azı BMT Ermənistana qurumun tədbirlərində səsvermə hüququndan məhrum edilməsi haqqında qərar qəbul edər.

Hazırkı dövrdə BMT Qərbi Azərbaycanlıların Ermənistana qayıdışının tanınması ilə bağlı Ermənistana xəbərdarlıqlar edir. Bununla yanaşı BMT öz iqamətgahında Qərbi Azərbaycandan olan insanların konfranlar keçirib, bəyanatlar səsləndirmələrinə geniş imkanlar yaradır. 28 sentyabr 2026-cı il tarixində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir 30 ildən sonra ilk dəfə olaraq BMT qərargahında baş tutur. Bu, birabaşa BMT-nin azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının təmin olunmasında maraqlı olduğunu və bu istiqamətdə hər cür dəstək göstərməkdən çəkinmədiyini göstərir. Tədbirin təşkilatçısı olan Bakı Təşəbbüs Qrupundan verilən məlumata görə, "Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası" mövzusunda keçirlən konfrans azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması məsələsinin BMT çərçivəsində müzakirə olunduğu ilk belə tədbirdir.

Tədbirdə 16 ölkəni təmsil edən 50-dən çox nümayəndə – qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində tanınmış mütəxəssislər, qayıdış hüququ üzrə ixtisaslaşmış ekspertlər, eləcə də etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqib təcrübəsi yaşamış diaspor təşkilatlarının, həmçinin zərərçəkmiş icmaların təmsilçiləri və BMT ekspertləri iştirak ediblər.

Konfransda indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz yurdlarına qayıtmasının təmin edilməsi, habelə tarixi ədalətin bərpası üçün zəruri hüquqi addımların atılması və bu məsələnin beynəlxalq təşkilatların diqqətində saxlanılması ətrafında müzakirələr aparılıb. Qayıdış prosesinin beynəlxalq təşkilatların nəzarəti altında, təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi, zəmanət mexanizmlərinin tətbiqi, hüquqi baxımdan məcburi xarakter daşıyan beynəlxalq razılaşmanın əldə edilməsi, beynəlxalq monitorinqin həyata keçirilməsi və s. istiqamətlər diqqət mərkəzində saxlanılıb. Konfrans zamanı azərbaycanlıların etnik təmizləməyə məruz qalması, mədəni və dini abidələrə qarşı törədilmiş vandalizm aktlarını özündə ehtiva edən qısametrajlı sənədli film nümayiş etdirilib.

Məlumatda o da qeyd olunur ki, konfrans zamanı BMT-nin afrikaəsilli şəxslər üzrə Daimi Forumunun (PFPAD) keçmiş sədri, səfir Cun Sumer, Beynəlxalq Siqh Federasiyasının baş hüquq məsləhətçisi Prabcot Siqh Virring, idarəçilik üzrə beynəlxalq ekspert Karlayl Korbin və müstəmləkəçilik ərazilərinin nümayəndələri çıxış ediblər: "Onlar öz çıxışlarında Azərbaycanlıların qayıdış hüquqlarını tanıdıqlarını və beynəlxalq təşkilatları bu mövzuya diqqət ayırmalı olduğunu bildiriblər. Tədbir iştirakçıları indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi, mədəni və dini abidələrin qəsdən dağıdılması və erməniləşdirilməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər.Tədbirin sonunda xüsusi məruzəçinin təyin edilməsi ilə bağlı BMT rəhbərliyinə müraciət qəbul edilib. İndiki Ermənistan ərazisindəki Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irs, o cümlədən toponimlər, məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar və digər abidələr sistemli şəkildə dağıdılmış, təhqir olunmuş və mənimsənilmişdir. Bununla yanaşı, tarixi ərazilərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının fundamental hüququ – öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ hələ də təmin edilməmiş olaraq qalır. Bu vəziyyət, əslində, mövcud beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Belə ki, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası kimi qəbul edilmiş beynəlxalq hüquqi sənədlər, eləcə də Dayton Sazişinin 7-ci Əlavəsi kimi beynəlxalq hüquq praktikasında formalaşmış presedentlər artıq qayıdış hüququnun həyata keçirilməsini təmin edəcək normativ və praktiki əsas yaradır".

Bütün bu digər proseslər onu deməyə əsas verir ki, Qərbi Azərbaycana qayıdış günü uzaqda deyil. Qayıdacağıq və işğaldan azad edilən Qarabağımızı qurub yaratdığımız kimi Qərbi Azərbaycanda da erməni vandallığına məruz qalan yurd yerlərini, mədəni, dini irsimizi də bərpa edəcəyik və əbədi olaraq o yerlərdə yaşayacağıq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə