"2026-cı il üçün Mərkəzi Bank quri-neft-qaz artımını 4 % proqnozlaşdırır" - İQTİSADÇI
"Qeyri-neft sektorunun iqtisadi artımda payını artırmaq üçün əsas diqqət yüksək əlavə dəyər yaradan və ixrac potensialı olan sahələrə yönəldilməlidir". Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə qeyri-neft iqtisadiyyatının artımı 2,7%-ə qədər zəifləyib, 2026-cı il üçün isə Mərkəzi Bank qeyri-neft-qaz artımını 4% proqnozlaşdırır:
"Məncə, burada bir neçə istiqamət xüsusilə önə çıxır. Birincisi, emal sənayesi və sənaye kooperasiyasıdır. Azərbaycanda xammalın sadəcə ixracı deyil, onun ölkə daxilində emal edilərək daha yüksək əlavə dəyərli məhsula çevrilməsi vacibdir. Metallurgiya, kimya, qida emalı, kənd təsərrüfatı texnikası və digər sənaye sahələri bu baxımdan əhəmiyyətlidir.
İkincisi, aqrar sektor və aqrar emaldır. Məhsuldarlığın artırılması ilə yanaşı, soyuducu anbarlar, logistika, qablaşdırma və emal müəssisələri inkişaf etdirilməlidir. Bu, həm idxalı əvəz etməyə, həm də kənd təsərrüfatı məhsullarının ixracını artırmağa imkan verə bilər. Dünya Bankı da aqrobiznesin rəqabət qabiliyyətinin və ixracyönümlü dəyər zəncirlərinin inkişafını diversifikasiya istiqamətlərindən biri kimi göstərir.
Üçüncü istiqamət nəqliyyat, logistika və tranzit xidmətləridir. Azərbaycanın coğrafi mövqeyi bu sahədə üstünlük yaradır. Lakin məqsəd yalnız tranzit yükünü artırmaq yox, logistika mərkəzləri, anbar, gömrük, sığorta və digər xidmətlər hesabına tranzitdən daha çox əlavə dəyər əldə etmək olmalıdır.
Digər mühüm istiqamətlər rəqəmsal iqtisadiyyat, İKT, maliyyə və peşəkar xidmətlərdir. Bunlar böyük həcmdə xammal tələb etmədən ixrac edilə bilən xidmətlər yaratmağa imkan verir. Bunun üçün insan kapitalının, xüsusilə texniki və rəqəmsal bacarıqların inkişafı vacibdir. IMF də əmək məhsuldarlığının artırılması üçün insan kapitalına investisiyanı xüsusi vurğulayır.
Nəhayət, bərpa olunan enerji və yaşıl sənaye də uzunmüddətli prioritet ola bilər. Burada söhbət yalnız elektrik enerjisi istehsalından deyil, enerji avadanlıqlarının istehsalı, enerji səmərəliliyi, saxlama texnologiyaları və gələcəkdə yaşıl hidrogen kimi istiqamətlərdən gedir. EBRD də Azərbaycanın yaşıl enerji potensialının reallaşdırılmasını 2026-cı il üzrə əsas prioritetlərdən biri kimi göstərir.
Əsas məsələ isə prioritet sahələri sadəcə dövlət subsidiyaları hesabına böyütmək deyil. Özəl investisiyanı, rəqabəti, ixracı və məhsuldarlığı artıran biznes mühiti yaradılmalıdır. IMF-in 2026-cı il qiymətləndirməsində də qeyri-neft diversifikasiyasının özəl sektor və xarici investisiya hesabına genişləndirilməsi, maliyyə bazarlarının dərinləşdirilməsi və dövlətin iqtisadiyyatda rolunun optimallaşdırılması xüsusi vurğulanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB