“İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su - bütün bunlara biz çox böyük diqqət göstərməliyik...”

İlham Əliyev

Xalqımız böyük ruh yüksəkliyi şəraitində yaşayır. Xüsusilə 44 günlük Qarabag müharibəsində və bir günlük antiterror əməliyyatında qazanılan böyük qələbə bizə qürur verir. Eyni zamanda bütün varlıgı Vətən sevgisilə yogrulan Ümummilli Lider Heydər Əliyevin ötən il qeyd edilən 100 illik yubileyi yaddaşımıza həmişəlik həkk olundu. Axı, Qarabag niskilini öz ürəyində aparan dahi rəhbərin ruhu bu gün şaddır. Çünki onun ləyaqətli davamçısı Cənab İlham Əliyevin müdrik rəhbərliyi və böyük sərkərdəlik sayəsində ata vəsiyyəti layiqincə yerinə yetirilib.İndi ecazkar təbiətə, zəngin təbii sərvətlərə malik Qarabag dogma Vətən torpadına qovuşub və ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub.

2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ölkəmizin dövlət müstəqilliyini əbədi və dönməzedən Ulu Öndərin əziz xatirəsinə ən böyük hörmət və məhəbbətin ifadəsidir. Yaxın keçmişə nəzər salanda görürük ki, doğma Azərbaycanın tərəqqisi və yüksəlişi naminə onun diqqət yetirmədiyi, bir nöqtə yoxdur. Xüsusilə təbiət sevgisi, yanğısı rəhbərlik fəaliyyətində mühüm yertuturdu. Bu da təbii idi.

Ana təbiətə olan qayğı, diqqət, vətən sevgisindən qaynaqlanır. Təbii ki,milli təəssübkeşlik hissi və vətən segisi ilə yaşayan hər hansı bir insan heç vaxt doğma yurdun təbiətinə laqeyd qala bilməz. Axı, əbəs yerə demirlər ki, Vətən həyat mənbəyi olan təbiətdən başlanır. Başqa sözlə desək suyu, çörəyi torpaqdan çıxan, sağlam həyat tərzini şəffaf ekoloji durumdan alan insan təbiətin bir parçasıdır. Bu baxımdan ata - babalarımız bizə məhsuldar torpaqları, zəngin yaşıl meşələri əmanət kimi qoyub getmişlər. Təbii ki, bizim də övladlıq borcumuz onları göz bəbəyi kimi qoruyub gələcək nəsillərə çatdırmaqdır.

Müstəqilliyini yenidən bərpa edən ölkəmizdə ekoloji durum dövlət qayğısı ilə əhatə olunub. Ümummilli Liderimizin müstəqil Azərbaycan Respublikasının ilk illərində yeritdiyi uğurlu ekoloji siyasət məhz yaşıl libaslı meşələrimizin zənginləşməsinə, təbii resursların artırılmasına, Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin genişlənməsinə, ətraf mühitin qorunmasına, mavi Xəzərin çirklənməsinin qarşısının alınmasına yönəldildi. Respublikada ekoloji durumun yaxşılaşması ilə bağlı yaradılan təməl möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndirildi. Təsadüfi deyil ki, indi həmişəkindən daha çox turist axınının yaşıl ünvanına çevrilən ölkəmizə ətraf mühitin təmizliyi, biomüxtəliflyin qorunması, park, qoruq və yasaqlıqlarımızın təbiət muzeylərinə çevrilməsi, bitki və heyvanat aləminin zənginliyi indi daha çox diqqət çəkir. Ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi dövlət qayğısı ilə əhatə olunaraq sistemli şəkildə həyata keçirilir. Hələ 1969-cu ildə Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərliyə gəldiyi dövrdə "Azərbaycan təbiətinin mühafizəsi haqqında” Qanunun qəbul edilməsi onun bu sahəyə nə qədər böyük önəm verdiyini sübut edir. Sonralar ekoloji siyasət ardıcıl olaraq davam etdirilib.

Ən əsası budur ki, respublikada ətraf mühitin mühafizəsi və onun qorunmasına nəzarəti gücləndirmək məqəsədilə idarəetmədə əsaslı dəyişiklik yaradılır.Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2001-ci il 23 may sərəncamı ilə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Hidrometorologiya Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, "Azərmeşə” İstehsalat Birliyi vahid Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əvəz olundu. Nazirlik yarandığı gündən etibarən əsas diqqət ətraf mühitin mühafizəsi, sağlamlaşdırılması, ekoloji problemlərin həlli istiqamətinə, beynəlxalq və regional səviyyədə təbii ehtiyatların mühafizəsinə, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqinə, bir sözlə, dövlətin ekoloji siyasətindən irəli gələn vəzifələrin həyata keçirilməsinə yönəldilib.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqramlarında ekoloji siyasətin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi ilə əlaqədar mühüm vəzifələr müəyyənləşdirilib. İqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahı naminə istifadə olunması daim Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir.

Ekologiyanın qorunması, ətraf mühitin, xüsusən torpaqların mühafizəsi və meşələrin inkişafı sahəsində son bir neçə ildə ölkə Prezidenti Cənab İlham Əliyevin prinsipial mövqeyi nəticəsində mühüm işlər görülmüşdür. Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən 5 milli və dövlət proqramı təsdiq edilmiş, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktları qəbul edilmiş, ölkəmiz dünyəvi əlaqələrini genişləndirərək 20-yə yaxın Beynəlxalq Konvensiyaya qoşulmuşdur.

Prezident Ilham Əliyev ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına, ölkəmizdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin inkişafına böyük diqqət göstərir.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2006-ci il 28 sentyabr tarixli sərəncamı ilə Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006- 2010-cu illər üçün "Kompleks tədbirlər planı" təsdiq edilmişdir. Bu “Kompleks tədbirlər planı”nı 2006-ci ilin iyul ayının 3-də keçirilən ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş müşavirədə Prezidenti İlham Əliyevin verdiyi göstərişlərdən irəli gələrək hazırlanmışdır.

"Kompleks tədbirlər planı"nda əksini tapmış məsələlər beynəlxalq qurumlar tərəfindən razılıqla qarşılanmış, dövlət başçısına təbiətimizə göstərdiyi böyük diqqət və qayğıya görə minnətdarlıq edilmişdir.

İnsanların həyat tərzinin qorunmasında, rahatlığının təmin edilməsində sağlam qida həlledici rol oynayır. Lakin min illər boyu yaranmış sağlam ənənələri, formalaşmış mentaliteti süni vasitələr hesabına həyata keçirmək,reallaşdırmaq qətii yol verilməzdir. Geni dəyişdirilmiş bitki və heyvanların ölkəmizə gətirməsi, çoxaldılması təbiətimizə də, süfrəmizə də ziyandır. Cənab Prezidentimiz bir dövlət başçısı kimi xalqımızın hamısı olduğu kimi, təbiətimizin də qətiyyətli arxası kimi daim onun qayğısına qalır. Sağlam beynəlxalq və milli düşüncə təbiətimizi xüsusi incəliklə qorumağı tələb edir. İnsanlarımıza, təbiətimizə, torpağımıza belə fundamental yanaşmanın nəticəsidir ki, bütün dünya ölkəmizin bu sahədəki addımlarını diqqətlə qarşılayır, təqdir edir. Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva ölkəmizə yaşıllıqların artırılmasına və qorunmasına xüsusi qayğı göstərir. İDEA İctimai Birliyinin təsisçisi və rəbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də ekosistemin qorunmasında mühüm rolu var. Əlamətdar haldır ki, bu lahiyələr Azərbaycanın bütün regionlarını əhatə edir.
Ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsini dövlət fəaliyyətində həmişə önə çəkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində demişdir: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su - bütün bunlara biz çox böyük diqqət göstərməliyik...”

Azərbaycanın COP29 kimi Beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin ictimai – siyasi və ekoloji həyatında ən uğurlu hadisələrdəndir. Bu ilin sonunda Bakıda baş tutacaq bu mötəbər konfransa respublikamızda hərtərəfli hazırlıq görülür. Möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bu istiqamətdə atılan ilk mühüm addımdır.

Dövlət başçısı COP29 –un əhəmiyyəti haqqında belə demişdir: “Son illər ərzində əldə etdiyimiz nailiyyətlər respublikamızın iqtisadi təməlini gücləndirib və ətraf mühitin təhlükəsizliyinin təmin olunması üçün addımlar atılıb...” Təbii ki, bu proses daha geniş vüsətlə davam edir. Çünki ətraf mühitin mühafizəsi insanlara hər şeydən öncə sağlam həyat tərzi bəxş edir.
Ölkə Prezidentinin daha bir sərəncamı ilə Xəzəryanı ölkələr arasında ilk dəfə olaraq respublikada Xəzər dənizinin təmizlənməsi sistemi yaradılıb və bu məqsədlə dənizin sahilində modul tipli bioloji təmizləyici qurğular quraşdırılıb.

Göründüyü kimi Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra heç bir beynəlxalq tədbirdən, konfransdan çağırış gözləmədən təbiətlə harmonik münasibət qurub, bir çox ekoloji problemlərin həlli istiqamətində önəmli addımlar atıb. Bu baxımdan dünya ekosisteminin yaxşılaşdırılmasına öz töhfəsini verən Azərbaycanı təbiətin Vətəni adlandırsaq yanılmarıq. İndi isə sevindiricidir ki, qədim Odlar Yurdu iqlim dəyişimlərinin törətdiyi fəsadlara qarşı mübarizəyə qalxan bəşəriyyətin qarşısında öz ekoloji təcrübəsini qoyur və COP29-un növbəti konfransına ev sahibliyi edir.

Yuxarıda qeyd etidiyimiz kimi, COP29 beynəlxalq tədbirinə hazırlıqla əlaqədar Azərbycanda artıq ilk mühüm addım atılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 23 dekabar tarixli 4233 nömrəli sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Eyni zamanda Prezident Administrasiyası rəhbərinin 2024-cü il tarixli əmri ilə müvafiq tərbirlər planı təsdiq edilib, nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarəti də məhz Prezident administrasiyasına həvalə olunub.

Tədbirlər planında müxtəlif istiqamətlər üzrə həyata keçirilməsi üçün 58 tədbir müəyyən edilib. Bu tədbirlər iqlim dəyişimləri və “yaşıl artım”, maarifləndirmə və ekoloji təbliğat, yaşıllaşdırma və bioloji müxtəlifliyin mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması, tullantıların idarə edilməsi və Beynəlxalq müstəvidə ekoloji əməkdaşlıqla bağlı sahələri əhatə edir.
Qeyd edək ki, nəzərdə tutlan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Sərvətlər Nazirliyi əsas icraçı orqan qismində müəyyən edilib. Göstərilib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişimlərinin fəsadlarına qarşı qlobal mübarizəyə 2030-cu ilə qədər sosial – iqtisadi inkişafa dair “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi öz töhfəsini verəcək. Bu məqsədlə “Yaşıl dünya naminə həmrəylik ili” çərivəsində müxtəlif tədbirlər həyata keçirmək nəzərdə tutulub.

Tədbirlər planında ekoloji təbliğat və maarifləndirmə tədbirləri mühüm yer tutur. Bununla əlaqədar respublikanın şəhər və rayonlarında “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarlar keçirilir. Ətraf mühitin qorunması məqsədilə meşə sahələrində, dəniz sahilində, çay və göl kənarlarında və digər ərazilərdə “Təmiz ölkəm” təmizlik aksiyaları təşkil ediləcək. “Yaşıl dünya naminə həmrəylik ili” və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişimləri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sesiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar ətraf mühit könüllülərinin fəaliyyət idaha da gücləndirilib.

Həmçinin, ölkə ərazisində 5 milyon ədəd ağac tinginin və kol bitkilərinin əkilməsi və qiymətli meşə cinslərinə aid toxumların səpilməsi, Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin (qoruqlar, parklar) sayının artırılması və genişləndirilməsi nəzərdə tutulub.

Yaşıllaşdırma və bioloji müxtəliflik sahəsində əsas diqqət nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin tarixi arealların reintroduksiyasına, xüsusi mühafizə olunan təbiət ərazilərindən kənarda qalan nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinin mühafizəsi üçün mikrorezervatların yaradılmasına, ölkə ərazisində ağac və gül kollarının əkilməsinə, qiymətli ağac cinslərinə aid toxumların səpilməsinə, xüsusi mühafizə olunan təbiət ərazilərinin artırılması və genişləndirilməsinə, nadir və nəsli kəsilməkdə olan balıqkörpələrinin su hövzələrinə buraxılmasına və artırılmasına diqqət daha da artırılacaq.

Ətraf mühitin sağlamlaşdırılması və tullanatıların idarə edilməsi ilə bağlı bir çox tədbirlərə start veriləcək. Belə ki, Zığ, Böyükşor, Qanlıgöl və digər göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər hazırlanıb həyata keçiriləcək, yaşıl texnologiyaların tətbiqi genişləndiriləcək, ətraf mühitin mühafizəsi təbiətdən istifadə, ekoloji təhlükəsizlik qaydalarının pozulmasıhallarına qarşı nəzarət və ölkə ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyasının zərərsizləşdirilməsi işləri gücləndiriləcək, nəhayət Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahil boyu zolağının neft, qaz və digər tullantılardan təmizlənməsi istiqamətində fəaliyyəti təkmilləşdiriləcək, habelə, Xəzər dənizi, Kür, Araz və digər çayların sahil boyu zolağında fəaliyyət göstərən istehsalat obyektlərində ekoloji normalara və sanitariya qaydalarına əməl olunmasına nəzarət artırılacaq...

Bəs Beynəlxalq müstəvidə hansı tədbirlərin görülməsi planlaşdırılıb? Bu istiqamətdə Abşeron yarımadasına BMT-nin İqlim Dəyişimləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “COP29 Parkı” nın salınması önə çəkiləcək. Eyni zamanda tərəfdaş ölkələrə ətraf mühitin qorunması və iqlim dəyişimlərinə qarşı mübarizə sahəsində ikitərəfli və regional formatlarda təcrübə mübadiləsi aparılır. BMT-nin Ətraf Mühit Proqramı ilə və digər müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndiriləcək, Azərbaycan şəhərlərinin BMT-nin Avropa üzrə İqtisadiyyat Komissiyasının “Şəhərlərdə ağaclar” proqramına və quraqlığa məruz qalmış şəhərlərdə ağaclar koolisiyasına qoşulması ilə bağlı tədbirlər həyata keçiriləcək.

Bakıda keçiriləcək COP29 sammitinin Preizdenti Muxtar Babayevin rəhbərliyi ilə icraçı orqan qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan yerli qurumların “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində fəaliyyət proqramı müəyyən edilib və tədbirlər planının icrası ilə əlaqədar tapşırıqlar verilib. Məsələn, il ərzində Zığ, Böyükşor, Qanlıgöl və göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamtində təkliflərin hazırlanması, Abşeron Yarımadasında torpaqların reablitasiyasının gücləndirilməsi nazirliyin 4 və 11saylı, qalan tədbirlərin icrası isə Ekologiya və Təbii Sərvətlər İdarələrinə həvalə olunub.
Artıq “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika ərazisinin hər yerində tədbirlərə start verilib. 1 Saylı RETSİ əməkdaşlarının təşəbbüsü ilə Lənkəranda baş tutan tədbirlərin ardı-arası kəsilmir. Beləki, 6 mart 2024-cü il tarixində şəhərin Heydər Əliyev prospektində keçirilən ağacəkmə aksiyası ilkin tədbir kimi daha çox yadda qalıb.

Lənkəran İcra Hakimiyyətinin və 1 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov başda olmaqla İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizəorqanlarının rəhbərləri,Ekologiya Təbiivə Sərvətlər Nazirliyinin tabeliyində olan yerli qurumların əməkdaşları, habelə ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Aksiya zamanı 260-dan çox sərv cinsli ağac əkilib. Eyni zamanda Lənkəran şəhərində 4 saylı məktəb-liseydə və şəhər 7 nömrəli tam orta məktəbində ağacəkmə aksiyaları keçirilib vəyaşıllaşdırma işləri görülüb. Tədbirdə 1 Saylı Regional Ekologiyavə Təbii Sərvətlər İdarəsinin rəisi, təcrübəli ekoloq Ceyhun Hüseynov COP29-un mahiyyəti və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar qarşıda duran vəzifələr haqqında geniş məlumat verdi. Sonra tədbir iştirakçılarının suallarına cavab verildi.

Yuxarıda qeyd etdiyimiz faktlar təbiətə göstərilən davamlı dövlət qayğısının ifadəsidir. Hələ 2010-cu ildə möhtərəm Prezidentin sərəncamı ilə respublikamızda “Ekologiya ili” elan olunub. İndi isə “Yaşıl dünya naminə həmrəylik ili” ni yaşayırıq. Təbii ki, bu təkcə ekoloqların deyil, həm də bütün vətəndaşlarımıza çağırış deməkdir. Yəni vətənini, xalqını sevən hər kəs bu çağırışa öz töhfəsini verə bilər.

Dövlət başçısının uğurlu ekoloji siyasətinin nəticəsidir ki, indi Azərbaycanın zəngin meşələri, ecazkar bitki örtüyü ilə bərabər onlarla parkı, qoruğu və yasaqlığı var. Möhtərəm Prezidentin sərəncamı və tapşırığı ilə Milli parkların, qoruqların, yasaqlıqların ərazisi genişləndirlir və yeniləri salınır. Qısa müddət ərzində beynəlxalq normativlərə uyğun olaraq Xüsusi Mühafizə olunan Təbiət Əraziləri genişləndirilərək 3,8 fazidən 10,3 faizə çatdırılıb. Ümumilikdə, Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri ölkəərazisinin 10,3%-ni, o cümlədən milli parklar 3,7%-ni təşkil edir.

Milli parklara, yaşıllıqlara, qoruqlara böyük diqqət və qayğı göstərilir. Onların sahələri genişləndirilir. Təbiətimizin biomüxtəlifliyinin qorunub saxlanması üçünhər cür şərait yaradılır. Təsadüfi deyil ki, respublika ərazisində 10 Milli Park, 10 Dövlət Təbiət Qoruğu və 24 təbiət yasaqlıqları fəaliyyət göstərir. Bu gün bəşəriyyəti düşündürən ən mühüm və həyati problemlərdən biri, birincisi ekoloji durumla bağlı yaranmış problemlərdir. Müasir yaşayışı ekologiyasız təsəvvür etmək mümkün deyildir.

Azərbaycan təbiətinin bioloji zənginliklərindən çox yazılıb. Çox alimlər ecazkar təbiətimizin gözəlliklərindən heyrətlənib. Bu cənnət güşəsinin qeyri- adiliyini görmək, duymaq üçün görkəmli alim, böyük təbiətşunas olmaq vacib deyil. Ən sadə insanlar da bu cənnət məkanın qeyri-adi mənzərəsindən qürur duyurlar. Qoruqlarımız, yasaqlıqlarımız, dağlarımız, su hövzələrimiz, ana Xəzər.... Bu gözəl məkanlar saymaqla bitən deyil.

Hər dəfə Astara-Bakı, Bakı-Qazax magistral yolu boyunca hərəkət etdikcə təbiətin qoynunda rahatlıqla əylənən şənlənən yolçuların qayğısına qalan xalqımıza, dövlətimizə onun rəhbərliyinə ürəkdən minnətdarlıq edirsən. Hər dəfə üz-üzə gəldiyimiz xarici turistlərin dilindən qopan "çox gözəl təbiətiniz var, çox gözəl iqliminiz var, bu gözəllikdən doymaq olmur...”kəlmələri bizi nə qədər sevindirirsə, bir o qədər də məsuliyyətimizi artırır. Bəli, meşələrimizin də, çöl və düzlərimizin də, sularımızın da bioloji varlığını, müxtəlifliklərini həm qorumalı, həm də onlarla fəxr etməliyik. Təbiətə qayğının məsuliyyətini yalnız dövlət yox, hər kəs, hər bir vətəndaş, öz çiynində daşımalıdır.

Çaylarımız, göllərimiz, Xəzərǝimiz misilsiz mənzərə yaradır. Bioloji mənzərə, gözəllik mənzərəsi, sərvət mənzərəsi! Ölkəmiz ərazicə dünyada kiçik olsa da, heyvanat, bitki, quşların... zənginliyi baxımından dünyanın ən böyük ölkələri ilə rəqabət aparır. Təkcə Xəzərdə 1810 heyvanat, 733 növ bitki aləmi mövcuddur. Heyvanat aləminin 100 növünü və yarımnövünü balıqlar təşkil edir. Xəzər dənizi dünyanın ən böyük gölü olmaqla yanaşı heyvanat aləminin biomüxtəlifliyi üçün çox əhəmiyyətlidir.
Xəzərin Azərbaycan boyunca hövzəsi, sahili quşların miqrasiya və qışlama kimi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan ərazisinin 11.8%-i meşələrdir. Meşələr suyun, oksigenin mənbəyi, hava təmizləyicisidir. Təbiətin min bir sirri, min bir məlhəmi insanlara xidmətidir. Ancaq bu şərtlə ki, onun elmi mahiyyətini dərk edəsən.

Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməsinin, belə hallara yol verən şəxlərin məsuliyyətə cəlb edilməsinin vacibliyini bildirərək demişdir: "Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq içtimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burda daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə hardasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlkiillərə nisbətən daha müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyatı quurmlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazilriyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır".

Möhtərəm Prezidentin ekoloji durumunun yaxşılaşması ilə əlaqədar imzaladığı sərəncam və tapşırıqlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinə öz töhvəmizi verməyə borcluyuq.

Xalq şairimiz Səməd Vurğun "Çinarın şikayəti" şeirində ürək yanğısı ilə yazmışdır:

Fəqət deyirəm ki, yoldaş mühəndis,
Məni bir arxasız, yurdsuz, kimsəsiz.
Zənn edib plana almışdır ki, mən
İndi çıxmalıyam öz kötüyümdən...
Demək,qalmayacaq məndən yadigar.
Ancaq mühəndisə bir sualım var:
Ömründə bir şitil,bir budaq belə.
Mühəndis əkmişmi barı əlilə?
Ki, məni - bu boyda çinarı birdən
Qoparmaq istəyir durduğu yerdən?

Böyük şair bu mirsalarda uzaqgörən məqsəd güdmüşdür. Əlbəttə, başlıca fikir təbiətə qayğıdır. Amma görünür, öz işinə məsuliyyətlə yanaşmayan insanlara bütün zamanlarda rast gəlinir. Bəziləri bilərəkdən, bəziləri isə bilməyərəkdən təbiətə qənim kəsilmişlər. Acı bir istehzadır ki, insafsız bir sahibkarın iddiası ilə hesablaşıb təbiətə qan dondurucu zərbə vurasan. Hansı məkanda olur-olsun, təbiət, yaşıllıq bizim qayğıkeşimiz, xilaskarımızdır. Bizə nəfəs bəxş edir, qida verir, zövq və istirahət mənbəyimizdir.

Bizdə təbiətə qəsd edənlərin
Nə insan duyğusu,nə də haqqı var!

Cənab Prezidentin uğurlu ekoloji siyasəti təkcə ekoloqlarda deyil, bütün ictimaiyyətdə böyük ruh yüksəkliyi doğurur. İndi hamı başa düşür ki, Vətən sevgisi doğma yurdun təbiətinin qorunmasından başlanır. Əgər yurdun təbiəti zəngin və sağlamdırsa, deməli insanlar da sağlam həyat tərzinə malikdirlər. Çünki sağlamlıq da, gümrahlıq da, saflıq və təmizlik də ana tǝbiətdən gəlir.

Bəxtiyar Hüseynov,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 Saylı RETSİ-nin əməkdaşı, yazıçı-ekoloq

Bütün xəbərlər Facebook səhifəmizdə