Rusiya hələ də digər xalqlara qarşı köhnə imperiya zehniyyəti ilə davranır

Rumıniyanın nüfuzlu geopolitika üzrə mütəxəssisi, "Geopolitika" jurnalının baş redaktoru, professor Vasile Simileanu deyib ki, Rusiya bu gün də postsovet məkanında yerləşən xalqlara qarşı öz keçmiş imperiya düşüncə tərzini tətbiq etməyə çalışır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, o, bildirib ki, Rusiya beynəlxalq hüququn prinsiplərinə uyğun olmayan, tarixi iddialara əsaslanan siyasət yürüdür. Rəsmi Moskva keçmiş SSRİ məkanındakı xalqları öz təsiri altında saxlamaq üçün müxtəlif vasitələrdən istifadə edir. “Bu, müstəqil dövlətlərin suverenliyinə qarşı birbaşa təhdiddir. Rusiya öz sərhədlərindən kənarda yaşayan xalqlara, o cümlədən Ukrayna, Gürcüstan və Moldova kimi ölkələrə qarşı köhnə imperiya ritorikasından çıxış edərək siyasi təzyiqlər göstərir”, – deyə o vurğulayıb.

Ekspert qeyd edib ki, Avropa İttifaqının və NATO-nun Şərqə doğru genişlənməsi məhz bu cür təhdidlərə qarşı təhlükəsizlik tədbiri kimi ortaya çıxıb. “Ukrayna ilə müharibə Rusiyanın geosiyasi maraqlar naminə hüquqi normaları pozmağa hazır olduğunu göstərdi,” – deyə o əlavə edib.

Professor onu da vurğulayıb ki, bu gün Azərbaycanın yürütdüyü balanslı xarici siyasət və regiondakı sabitliyi qorumağa yönəlmiş diplomatik addımları təqdirəlayiqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə