Tanınmış teatr xadimləri Şəkidə teatrsevərlərlə görüşüblər

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin dəstəyi ilə iyunun 30-da Şəki şəhərində teatrsevərlərlə görüş olub.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Teatr Xadimləri İttifaqının rəhbərliyi və üzvləri, Şəki Dövlət Dram Teatrının yaradıcı heyəti, bölgənin mədəniyyət işçiləri, teatrsevərlər iştirak ediblər.

SİA-nın məlumatına görə, bu barədə Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov, sədr müavini, Xalq artisti İlham Namiq Kamal və başqaları çıxış edərək, regionlarda teatr sənətinin inkişafı, yaradıcı mübadilə və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı məsələlərdən söz açıblar. Qonaqlar Şəkinin zəngin mədəni irsini, teatr ənənələrini yüksək qiymətləndirərək, bu irsin qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Tədbir çərçivəsində teatr sənətinin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup teatr xadiminə “Teatr fədaisi” medalı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə