"Şərqdə, müsəlman-türk aləmində ilk respublika — Azərbaycan Xalq Cümhuriyyəti — babalarımız tərəfindən 1918-ci ilin 28 mayında qurulmuşdur. Bir aydan sonra, iyunun 26-da Silahlı Qüvvələrin yaradılması günü kimi tarixə düşdü. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu yaradıldı". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, bu ordu Gəncədən başlayaraq Bakıya qədər döyüş yolu keçdi. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncə idi, çünki Bakı erməni-bolşevik qüvvələrinin — Stepan Şaumyan və dəstələrinin — işğalı altında idi: "Ordumuza Məhəmməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov və Hüseynqulu xan Xoyski kimi cəsarətli, məğrur generallar rəhbərlik edirdi. Həmin ordu Qarabağda uğurlu əməliyyatlar həyata keçirdi. Təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü qısa oldu. 1920-ci ildə 72 minlik sovet ordusu Azərbaycanı işğal etdi. İşğala qarşı 350 nəfərlik birləşmə qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid oldu. O zaman ordunun əsas hissəsi Qarabağda erməni üsyanlarını yatırmaqla məşğul idi.
Tarix təkrarlandı. Yenə Ermənistanla sərhəddə, Qarabağda, Zəngəzurda üsyanlar baş qaldırdı. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldi və 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bugünkü ordumuzun bir çox yüksək rütbəli zabitləri həmin liseyin məzunlarıdır. Azərbaycanlı gənclər xarici hərbi məktəblərə, o cümlədən Frunze Akademiyasına göndərilirdi.
1991-ci ildə müstəqillik əldə edilsə də, nizami ordu yox idi. Yalnız ayrı-ayrı könüllü batalyonlar mövcud idi. Ermənistanın işğalı davam edirdi. Sovet Rusiyasının dəstəyi ilə ermənilər torpaqlarımızı işğal edirdi. Xalq səfərbər olmuşdu, lakin nizami ordu yox idi.
1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə gəldi və dövlət quruculuğu ilə yanaşı, ordu quruculuğu da başladı. Konstitusiya qəbul edildi, hüquqi və maddi baza yaradıldı, hərbi məktəblər və akademiyalar quruldu, təlim-tədris mərkəzləri təşkil olundu. Gizirdən tutmuş generala qədər bütün kadrların hazırlığına xüsusi önəm verildi. Qardaş Türkiyənin təcrübəsindən geniş istifadə olundu. Türkiyə Silahlı Qüvvələri Azərbaycanın ordu quruculuğuna böyük dəstək verdi.
Komandanlıq milli oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu müasirləşdi, hərbi büdcə Ermənistanın dövlət büdcəsini ötüb keçdi, müasir texnika və silahlarla təminat artırıldı. Müdafiə sənayesi yaradıldı. Zabitlərin mənzillə təminatı, maaş artımları və sosial şəraitin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı.
Şəhid ailələri, müharibə əlilləri, milli qəhrəmanlar üçün xüsusi diqqət göstərildi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ildə Naxçıvan istiqamətindəki Günnüt əməliyyatı və nəhayət, 2020-ci ildəki Vətən müharibəsi ilə Azərbaycanın suverenliyi tam bərpa olundu. 2023-cü ilin sentyabrında isə antiterror əməliyyatı nəticəsində ölkənin suverenliyi bir günə təmin edildi.
Azərbaycan Ordusu həm döyüş meydanında, həm diplomatiyada ardıcıl qələbələr qazandı. Bu gün xalqımız ordusu ilə qürur duyur. Bu bayram — 26 İyun — şəhid ailələrinin, qazilərin, veteranların və ümumilikdə xalqımızın bayramıdır. Ordu və xalq birliyi Azərbaycanı qalib etdi.
Mən də Azərbaycan Ordusunun bir zabiti olaraq qürur duyuram. Başda Ali Baş Komandan olmaqla, bütün Azərbaycan xalqını bu möhtəşəm gün münasibətilə təbrik edirəm. Qoy ordumuz və dövlətimiz daim var olsun"!
Bütün xəbərlər Facebook səhifəmizdə