Hiyləgər Paşinyan – həm Ərdoğanla "dostlaşır", həm də düşmənlərini “dənləyir”...

Erməni baş nazir İranın “qan itirdiyi”, Avropa və Rusiyanın başının qarışdığı bir vaxtda öz hakimiyyətinin təhlükəsizliyi üçün çapalayır

Nikol Paşinyan Ankaraya səfər etdi. Ermənistan baş nazirinin Türkiyəyə səfəri bölgədəki müharibə prosesi, siyasi yerdəyişmələr fonunda baş verir. Nikol Paşinyan dünya siyasətinin ciddi aktorlarından sayılan, bölgə siyasətinin əsas lideri kimi ABŞ, Çin və Rusiya, habelə Avropa İttifaqının özü tərəfindən qəbul edilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə üçün Ankaraya getdi. Əlbəttə, görünən odur ki, erməni baş nazir Türkiyə rəhbəri ilə yaxınlaşma siyasəti aparır. Düzdür, erməni cəmiyyətində baş nazirin bu manevrləri qıcıq yaradır və bu addımlara görə N.Paşinyan tənqidlərin və hücumların hədəfindədir. Xüsusilə revanşist dairələr və kilsə nümayəndələri ənənəvi xəstə təfəkkürə bürünüb erməni baş naziri Ərdoğana əyilməkdə, “satılmaqda” ittiham edib, “topa tuturlar”.
Lakin görünən odur ki, hazırkı erməni baş nazir neçə əsrlərdir erməni cəmiyyətində kök atmış stereotiplərdən tam fərqli olaraq real siyasət kursuna üstünlük verir və öz hakimiyyətinin təhlükəsizliyi üçün manevrlər edir. Görünən odur ki, N.Paşinyan İran-İsrail müharibəsinin alovlandığı bir vaxtda, əslində real vəziyyətdən faydalanmaq üçün çalışır. Buna sübut kimi rəsmi İrəvanın artıq Avropadakı dəstəkçilərindən və başı qarışıq olan Rusiyadan ümidini kəsib Türkiyə ilə əlaqələrə üstünlük verməsini göstərmək olar. Nikol Vavayeviç əsl erməni hiyləgərliyi ilə iş aparır. Bölgədə kim güc sahibidirsə onunla yaxınlaşma və tərəfdaşlıq qurmağa, beynəlxalq dəstək qazanmağa çalışır. Əlbəttə, açıq-aydın görünən odur ki, erməni baş nazir İranın “qan itirdiyi”, Avropa və Rusiyanın başının qarışdığı bir vaxtda öz hakimiyyətinin təhlükəsizliyi üçün çapalayır N.Paşinyan eyni zamanda Ermənistan daxilindəki potensial düşmənlərini də “təmizləməklə” məşğuldur.
Artıq neçə gündür erməni əsilli Rusiya vətəndaşı olan milyarder Samvel Karapetyan həbs edilib. Artıq Ermənistan hökuməti ona məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-ni (ENA) milliləşdirməyə hazırlaşır. S.Karapetyan kifayət qədər ciddi fiqurdur və Kremldə qəbul edilən şəxsdir. Əlbəttə, onun bu şəkildə zərərsizləşdirilməsi N.Paşinyanın təkbaşına verə biləcəyi qərar deyil. Çox güman ki, hazırkı erməni hakimiyyətinə düşmən kəsilmiş kilsə ilə sıx münasibətləri olan milyarderin həbsi üçün erməni baş nazir Kremldən razılıq alıb. Moskvanın da belə gərgin situasiyada hansısa milyarderin pul itirməsinə və Ermənistandan qovulmasına görə N.Paşinyana göz ağardacağına inanmıram. Görünür ki, siyasi tullantı olaraq qəbul edilən revanşist Serj Sarkisyan və Robert Koçaryan kimi dostlarından fərqli olaraq, hazırkı vəziyyətdə N.Paşinyan V.Putin üçün Ermənistanda ən işlək və sərfətli tərəfdaş kimi qəbul edilir. Belə olmasaydı erməni baş nazir kilsəyə qarşı bu şəkildə aşağılayıcı hücum etməz, onları zərərsizləşdirmək üçün ciddi addımlara əl ata bilməzdi. Çünki Kilsə Kremlin “arxa bağçası” sayılır. Bu gün N.Paşinyan tükdən nazik və ölümün qulağının dibində olan siyasət ipi üzərində hərəkət edir. Bu gün Nikol Vavayeviç ənənəvi erməni hiyləgərliyi ilə özünü və hakimiyyətini qorumaq üçün çapalayır. Amma nə vaxta kimi? – onu zamana buraxaq...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə