Roma klubu “Latsio” bir neçə ay davam edən və futbol ictimaiyyəti ilə yanaşı internet məkanında da geniş müzakirələrə səbəb olan qalmaqallı hadisəyə nəhayət son qoyub. SİA xəbər verir ki, komandanın simvollarından birinə çevrilmiş şahinçi Xuan Bernabe artıq klubu tərk edib. Bu, məhkəmə qərarı ilə və polisin iştirakı ilə həyata keçirilmiş məcburi çıxarılma nəticəsində baş verib. Bernabenin klubdan uzaqlaşdırılmasının səbəbi isə sosial şəbəkələrdə paylaşdığı bir video və fotolar olub. O, həmin görüntülərdə özünün penis implantı etdirdiyini açıq şəkildə göstərir və bu barədə danışır. “Latsio” rəhbərliyi bu cür davranışın klubun etik dəyərlərinə uyğun olmadığını hesab edərək onunla əməkdaşlığa son qoyub. “La Lazio Siamo Noi” nəşrinin yazdığına görə, Bernabedən dəfələrlə klubun bazasında yaşadığı otağı könüllü tərk etməsi istənilsə də, o, bundan imtina edib. Nəticədə klub hüquqi yolla məsələni həll etməli olub. Tivuoli məhkəməsinin qərarına əsasən, məhkəmə icraçısı və polis əməkdaşlarının iştirakı ilə Bernabenin otağının qıfılları dəyişdirilib və o, mərkəzdən çıxarılıb. “Latsio” rəhbərliyi vurğulayıb ki, bütün addımlar qanun çərçivəsində atılıb və klubun əmlakının qorunması ilə yanaşı nizam-intizamın təmin olunması məqsədi daşıyıb.
Qeyd edək ki, o, “Stadio Olimpiko” stadionunda matçlardan əvvəl həyata keçirdiyi qartal uçuşları ilə tanınırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə