ATƏT PA kimi nüfuzlu qurum bu cür destruktiv çağırışlara meydan verməməlidir - Azay Quliyev
29 iyunda Portoda işinə başlayan ATƏT Parlament Assambleyasının 32-ci illik sessiyası çərçivəsində Asambleyanın 3-cü Komitəsinin hesabat və qətnamə layihəsi üzrə müzakirələr çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev çıxış edib. SİA xəbər verir ki, o, məruzəçi xanım Karinanın müvafiq sənədlərin hazırlanmasında göstərdiyi səylərə və obyektiv yanaşmasına görə təşəkkürünü bildirib.
Azay Quliyev xüsusilə Ermənistan və Azərbaycan arasında dövlətlərarası normallaşma prosesi ilə bağlı ədalətli və balanslaşdırılmış mövqeyin qorunmasını vacib hesab edib. O xatırladıb ki, bu məsələ ilə bağlı ATƏT PA Bürosunun bu ilin aprel ayında Kopenhagendə keçirilən iclasında geniş və gərgin müzakirələr aparılıb.
"Xanım Karinanın həmin müzakirələr zamanı tərəfimdən səsləndirilən bir çox fikirlərin, xüsusilə də 52-ci paraqrafın formalaşmasında nəzərə almasını alqışlayıram. Həmin bənd hazırkı reallıqları daha balanslı və doğru əks etdirir. Paraqrafın mətninin məhz bu şəkildə seçilməsi bölgədə gərginliyi artırmamaq və davam edən sülh prosesini dəstəkləmək məqsədi daşıyır", – deyə o bildirib.
Lakin Azay Quliyev Ermənistan nümayəndə heyəti tərəfindən irəli sürülmüş dəyişiklik təkliflərinin, xüsusilə də 14 saylı düzəlişin sözügedən bəndin ruhuna və məzmununa zidd olduğunu vurğulayıb: "Bu düzəliş, təəssüf ki, Bürodakı razılaşdırılmış mətnin mahiyyətini ciddi şəkildə pozur və artıq keçmişdə qalmış, günümüzün sülh gündəliyində yeri olmayan "Dağlıq Qarabağ" kimi anlayışları yenidən gündəmə gətirir".
Deputat əlavə edib ki, bu cür yanaşma barışığı təşviq etmək əvəzinə, qəsdən təxribat yaratmağa, əldə olunmuş irəliləyişi geriyə aparmağa və tərəflər arasında qurulmuş kövrək etimadı sarsıtmağa xidmət edir.
"Bunu da unutmayaq ki, bu təklifin müəllifi Lilit Qalstyanın mənsub olduğu siyasi qüvvə, daşnaklar tarixən Ermənistanla Azərbaycan arasında sülh və barışığa qarşı çıxaraq etnik qarşıdurmaları qızışdırmaqla məşğul olub. ATƏT PA kimi nüfuzlu qurum bu cür destruktiv çağırışlara meydan verməməlidir," – deyə Azay Quliyev bəyan edib.
Sonda o, həmkarlarını 14 saylı düzəlişin rədd edilməsinə çağıraraq bildirib: "Əgər bu düzəliş qəbul edilməzsə, bizim tərəfdən əlavə təkliflərə ehtiyac qalmayacaq və ilkin balanslı mətn olduğu kimi saxlanılacaq. Bu, sülh prosesinə verilən ən doğru töhfə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə