"Böyük Qayıdış" proqramı strateji əhəmiyyət daşıyır -POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıdışı təmin edən “Böyük Qayıdış” proqramı təkcə sosial və humanitar layihə deyil, həm də milli təhlükəsizlik, demoqrafik balans və iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi iradəsi və dövlətin bütün resurslarının səfərbər olunması nəticəsində azad edilmiş ərazilərdə qısa müddət ərzində mühüm infrastruktur layihələri həyata keçirilib: “Hazırda Zəngilan, Laçın, Füzuli və digər rayonlarda yeni yaşayış massivləri, məktəblər, xəstəxanalar, yollar və enerji infrastrukturu qurulur. Bu, təkcə binaların deyil, vətəndaşların həyatının, hüquqlarının və gələcəyinin yenidən qurulması deməkdir. Bütün bunlar Azərbaycan dövlətinin post-münaqişə dövründə regionda sülh və sabitliyə verdiyi töhfənin göstəricisidir. “Böyük Qayıdış” proqramı yalnız keçmiş məcburi köçkünlərin öz torpaqlarına fiziki olaraq köçürülməsi ilə yekunlaşmır. Bu, paralel şəkildə iş yerlərinin yaradılması, kənd təsərrüfatının bərpası, turizm və yaşıl enerji kimi sahələrin inkişaf etdirilməsi ilə müşayiət olunur. Yəni biz sadəcə qayıdışdan yox, gələcək inkişafın təməlindən danışırıq. Bu proses həm də beynəlxalq ictimaiyyətə Azərbaycan modelinin sülh və bərpa baxımından uğurlu nümunə kimi təqdim olunması üçün mühüm platformadır: Azərbaycan bu prosesdə həm hüquqi legitimliyi, həm də sahədəki praktik uğurları ilə dünyaya göstərir ki, münaqişədən sonra bərpa prosesi yalnız çağırış deyil, həm də fürsətdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə