Bakıda Milli Metrologiya Forumu keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) təşkilatçılığı ilə Milli Metrologiya Forumu keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 20 May - Ümumdünya Metrologiya Gününə həsr olunmuş forumda dövlət qurumları və özəl sektorun nümayəndələri, biznes assosiasiyaları, uyğunluğu qiymətləndirən qurumlar, elm və ali təhsil müəssisələrinin təmsilçiləri iştirak ediblər.

Forumun keçirilməsində məqsəd ölkədə ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində təkmilləşdirmə və yeni ölçmə imkanlarının yaradılması tədbirləri barədə maarifləndirmə, metroloji təminat üzrə mövcud vəziyyətin dəyərləndirilməsi, dövlət qurumları və özəl sektorla keyfiyyət infrastrukturu sferasında əməkdaşlığın gücləndirilməsidir.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) rəhbəri Mustafa Çetintaş, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsini icra edən Vazeh Əskərov çıxış ediblər.

Forum çərçivəsində ölkə iqtisadiyyatının davamlı və rəqabətqabiliyyətli inkişafı naminə metroloji təminat sahəsində uzunmüddətli və sistemli fəaliyyətin həyata keçirildiyi vurğulanıb. İstehlakçı etibarının təmin edilməsində, həmçinin istehsal prosesləri zamanı dəqiq ölçmələrin həyata keçirilməsində metrologiyanın rolundan bəhs edilib. Bildirilib ki, ölkədə sənayenin inkişafına yönələn məqsədyönlü iqtisadi siyasətin həyata keçirilməsi, keyfiyyət sahəsində effektivliyinin artırılması üçün yeni texnologiyaların tətbiqi və dəqiq ölçmələrin təmin olunması həlledici əhəmiyyətə malikdir.

Tədbirdə ali təhsil müəssisələri ilə elmi-texniki əməkdaşlıq çərçivəsində metrologiya sahəsi üzrə tədqiqatçıların sınaq və kalibrlənmə laboratoriyalarında praktiki bacarıqlarının artırılması, onların fərdi və peşəkar inkişafına dəstəyin göstərilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Həmçinin milli etalon bazasının təkmilləşdirilməsi, iqtisadi subyektlərin metroloji ehtiyaclarının qarşılanması, cihaz və avadanlıqlara tələbatın ödənilməsi, metroloji xidmət göstərən əməkdaşların səriştələrinin artırılması istiqamətində dünya təcrübəsinin öyrənilməsi imkanları müzakirə edilib, ölçmələrin vəhdətinin təmin edilməsi fəaliyyəti üzrə beynəlxalq müstəvidə qurumlararası əməkdaşlıq layihələrindən söz açılıb.

Forum “Biznes üçün metroloji təminat” panel müzakirələri ilə davam etdirilib. Keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsində, istehsalın effektivliyinin artırılması və istehlakçılarda etibarın yaradılmasında ölçmələrin rolundan bəhs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə