Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, dini nifrət və düşmənçiliyin qızışdırılmasına dair cinayət işi başlanılıb
Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında müxtəlif şəxslərin sosial şəbəkələrdə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, eləcə də zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş materiallar paylaşması ilə bağlı araşdırmalar aparılıb. Həmin şəxslər arasında 1975-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi də var.
Araşdırmalar zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarından sonra dini radikalizm məzmunlu materialların dəfələrlə yayıldığı müəyyən edilib. Süni intellekt vasitəsilə hazırlanan materialların da daxil olduğu bu paylaşımların Azərbaycan Respublikasında hakimiyyətin çevriliş yolu ilə və zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin qızışdırılmasına və təşviqinə yönəldiyi müəyyən olunub. Həmçinin radikal məzmunlu müxtəlif başlıqlar altında təkrar çağırışların edildiyi aşkarlanıb.
Toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 16 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışların təkrar edilməsi), 283.2.1-ci (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin qızışdırılması) və 167-3.1-ci (dini ekstremist fəaliyyətlə məşğul olmağa çağıran, belə fəaliyyətə haqq qazandıran və onun zəruriliyini əsaslandıran materialların hazırlanması, saxlanılması və yayılması) maddələri ilə cinayət işi başlanılıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Celal Çiftçiyə cinayət işi üzrə rəsmi ittiham elan olunub və barəsində beynəlxalq axtarış elan edilib. Onun və digər şəxslərin iştirakı ilə bağlı zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi məqsədilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir. Eyni zamanda, beynəlxalq əməkdaşlıq mexanizmləri çərçivəsində digər zəruri tədbirlər də görülür.
İstintaq çərçivəsində qeyd olunan məlumatların, eyni xarakterli digər materialların məzmununun, onların hazırlanması və yayılması şəraitinin, habelə iş üçün əhəmiyyət kəsb edən digər halların obyektiv, tam və hərtərəfli araşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlər əməllərə hüquqi qiymət verilməsi və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsi məqsədilə həyata keçirilir.
Baş Prokurorluq dini dözümlülüyün, qarşılıqlı hörmətin və ictimai həmrəyliyin qorunması məqsədilə hər kəsi dini nifrət və düşmənçiliyi təşviq edən məzmunlu materialları yaymaqdan çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB