“Poçt qutusu”ndan tik-toka qədərki məsafə: BİZ NİYƏ DƏYİŞMİRİK??

Dünyanın internet əsrində yaşadığı, müasir insanın az qala internetlə nəfəs aldığı bir zamanda sosial şəbəkələrdən, müasir texnologiya yeniliklərindən giley-güzar etmək əlbəttə yaxşı hal deyil, bilirəm. Çünki dünyanın aparıcı ölkələrində internet hesabına milyonlar qazanılan bir vaxtda, yeni-yeni kəşflərin, ideyaların gün üzünə çıxdığı, ağıllı insanların internet hesabına zəka və beyin coğrafiyasını yüksəltdiyi bir zamanda mənim internetdən, sosial şəbəkələrdən dad çəkməyim istənilən avropalının gözlərini bərəldər, hələ o yana da keçər. Şərqdə ilk operanın yarandığı, müsəlman aləmində və şərqdə qadına seçki hüququ verən ilk ölkə olan odlar yurdu Azərbaycanda internet “düşməni” kimi göründüyümə görə məşhur “Poçt qutusu”ndakı Novruzəliyə də bənzədilə bilərəm. Amma...

Amma televiziya efirlərimizi cəhənnəmə çevirən iyrənc “sosial proqramlardan” başlayıb, bir xalq olaraq, sözün əsl mənasında, mənəviyyatımıza od qoyan tik-tok səhifələrinə qədər başımıza gətirilən müsibətləri göz önünə gətirəndə mənim dərdimi avropalıdan tutmuş ucqar afrikalıya qədər insan adı daşıyan hər kəs əla anlayacaq. Anlayacaqlar ki, mən bir azərbaycanlı olaraq müasir texnologiya və internet resurslarına qarşı yox, bu texnologiya və interneti mənəviyyatımızı, gələcəyimizi BİLƏ-BİLƏ məhv edənlərə, sosial şəbəkələrdə gəncliyimizi fahişəliyə, nakişiliyə, cinsi azlıqlara ALIŞDIRANLARA qarşıyam!

Əlbəttə, dərdimiz danışılası deyil, hətta təsəvvür etdiyimizdən və etmədiyimizdən də böyükdür. Yenə də deyirəm avropalısı, asiyalısı internetdən yeni icadlar kəşf edir, zəkasını genişləndirir, mənimkilər də min cür hoqqabazlıq üçün, olmazın pislikləri üçün “yararlanırlar” əsrin bu yeniliyindən. Artıq iş o həddə çatıb ki, onsuz da ölü nöqtədə baş girləyən, qəlib cümlələrdən o yana gedə bilməyən ölkə mediası qalıb bir kənarda, informasiya funksiyasını da sosial şəbəkələrdəki dedi-qodu müəyyənləşdirir. İlk informasiya mənbəyi artıq tik-tok, feysbukdur.
Niyə? – çünki cəmi əhalimizin tam əksəriyyəti bütün gününü bu sosial şəbəkələrdə keçirir, yeməyini də buralarda eşələnə-eşələnə yeyir, hətta elə buradaca gecələyirlər. Anormaldır, deyilmi? Dünyanın hansı normal, inkişaf etmiş ölkəsində sosial şəbəkə aludəçisinə çevrilmiş belə əhali kütləsi tapa bilərsiniz? Hələ bu harasıdır, mən deyim siz də oxuyun.
Deməli belə, tik-tok şəbəkəsi bu gün Azərbaycanda tam nəzarətsiz halda min illik adət və ənənələrimizə, milli kimliyimizə, efirləri başına alıb gedən küçə fahişələrinin, cinsi azlıqların, mənəviyyat düşmənlərinin qorxulu röyası olan MİLLİ MENTALİTETİMİZƏ qarşı meydan oxuyur və bu xalqın mənəvi dəyərlər sistemini amansızcasına məhv etməklə məşğuldurlar. Bu sosial şəbəkə platformasını murdar proseslərin reklamına, biznes və fırıldaqçı qazanc yerinə çevirənlərlə yanaşı, bilə-bilə ölkə əhalisinin mənəviyyatını, şərəf və ləyaqət hisslərini bədənindən qoparmaq istəyənlər üçün də əlçatmaz meydandır tik-tok. Milli jurnalistikanın bütün mənalarda çoxdan uduzduğu, mənəvi dəyərlərimizin, KİŞİLİK, AR-NAMUS dəyərlərinn kütləvi şəkildə məhv edildiyi bu sosial-informasiya platformasında cinsi azlıqlar yeniyetmə Azərbaycan gəncliyinə, gələcək nəsillərə həsəd aparılacaq “nümunə” kimi göstərilir. Bu cinsi azlıqların cah-cəlal dolu zəngin həyatları, bölgələrə istirahət üçün minib getdikləri 100-150 minlik bahalı avtomobillər ilk hədəf kimi yeniyetmə və gənclərin yoldan çıxarılmasına yönəlib. Bunların ilk hədəfi birbaşa yeniyetmə və gənclərimizdir!
Məhz yeni azərbaycanlı nəsilləri kişilik və ar-namus dəyərlərindən birdəfəlik uzaqlaşdırmaq üçün, minillik azərbaycanlı dəyərlərini məhv etmək üçün dövriyyəyə buraxılıblar.
500-1000 manat arası maaşla baş girləyən, gələn gününü birtəhər yola verən elm adamlarının, professorların bütün bunları gördükdən sonra baş-gözünə vurmasında təəccüblü nə var ki? Ömrünü elmə, bilik qazanmağa həsr edən, min bir əziyyətdən keçən insanların 7-ci sinfi belə bitirməmiş hansısa cinsi azlığın təmtəraqlı güzaranına köks ötürməməsi mümkünsüzdür axı. Sosial şəbəkə imkanlarını min təəssüf ki, yenə də cılız, mənasız, kütlə səviyyəli “əyləncələrə” xərcləyirik. Dünyamızın hazırda ən böyük informasiya və səsi eşidiləcək platforması olan sosial şəbəkələr “Novruzəli” dövründəki düşüncəmizə alət edilib. Fayton dövründən tik-tok əsrinə qədərki bu məsafədə yenə “Novruzəli” düşüncəsinin arxasınca sürünüb gedirik. Tam yekun nəticə budur: biz qəti dəyişmirik. “Novruzəli” təfəkkürü internet və robot insan dövründə də bizimlə davam edir. Sabahın “Novruzəli”ləri də elə indidən yetişir. Tik-tok-da, feysbukda və hər yerdə..

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə