“Zəngəzur dəhlizi beynəlxalq iqtisadi sistem üçün strateji əhəmiyyətə malikdir“ - ŞƏRH OLUNDU
“Zəngəzur dəhlizi təkcə Azərbaycanın şərq rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini bərpa edən layihə deyil, eyni zamanda regional və qlobal əhəmiyyət daşıyan strateji təşəbbüsdür. Bu dəhliz, Cənubi Qafqazı yeni iqtisadi, siyasi və nəqliyyat mərkəzinə çevirmək potensialına malikdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
O bildirib ki, layihənin əsas məqsədi yalnız quru nəqliyyat marşrutunun bərpası deyil, həm də avtomobil, dəmir yolu və enerji daşıyıcılarının ötürülməsi üçün çoxşaxəli kommunikasiya sisteminin yaradılmasıdır: “Bu baxımdan Zəngəzur dəhlizi həm regional inteqrasiyanı gücləndirir, həm də qlobal nəqliyyat şəbəkəsində mühüm tranzit körpü rolunu oynayır.
Dəhlizin istismara verilməsi Cənubi Qafqazın tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq. İran, Rusiya və Türkiyə kimi region dövlətləri üçün bu layihə ticarət və iqtisadi əməkdaşlığın genişlənməsi baxımından mühüm imkanlar yaradır. İlkin mərhələdə Zəngəzur dəhlizi vasitəsilə ildə 5 milyon tondan artıq yük daşınması planlaşdırılır ki, bu da layihənin iqtisadi səmərəliliyini təsdiqləyir.
Zəngəzur dəhlizi eyni zamanda Orta Dəhliz adlandırılan beynəlxalq nəqliyyat marşrutunun mühüm hissəsini təşkil edəcək. Çinlə Avropa arasında mövcud olan təqribən 700 milyard dollarlıq ticarət dövriyyəsinin bir hissəsinin bu marşrut vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Bu isə Azərbaycanın beynəlxalq logistika sistemində mövqeyini daha da gücləndirəcək.
Azərbaycan artıq Xəzər dənizində regionun ən iri limanlarından birinə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına malikdir. Bu liman vasitəsilə ildə 25 milyon ton yük daşınması mümkündür. Həmçinin Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə hər il 5 milyon tonadək yük daşınması potensialı yaradılıb. Zəngəzur dəhlizinin açılması bu imkanların miqyasını daha da genişləndirəcək və Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışını təmin edəcək. Beləliklə, Zəngəzur dəhlizi təkcə regional deyil, həm də beynəlxalq iqtisadi sistem üçün strateji əhəmiyyətə malikdir. O, nəinki Azərbaycanı və qonşu dövlətləri birləşdirəcək, həm də Avrasiya məkanında yeni iqtisadi əlaqələr və əməkdaşlıq istiqamətləri formalaşdıracaq. Bu layihə gələcəkdə regionun sabitliyinə, iqtisadi inkişafına və qlobal inteqrasiyasına mühüm töhfə verəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə