"Miqrasiya məsələsi yalnız miqrasiya siyasəti ilə bağlı deyil" - EKSPERT RƏYİ

"Miqrasiya məsələsi yalnız miqrasiya siyasəti ilə bağlı deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Kənan Novruzov deyib.

Onun sözlərinə görə, bu, həm də dövlət dairəsi münasibətləri o cümlədən, liderlər arasında əlaqələr vasitəsilə tənzimlənir: "Məhz bu baxımdan Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə baş tutan son görüşü xüsusi əhəmiyyət daşıyır. Həmin görüşdən sonra təxminən son 9–10 ay ərzində iki ölkə arasında müşahidə olunan gərginlik hiss olunacaq dərəcədə azalacaq. Bunun fonunda düşünürəm ki, oradakı azərbaycanlılara qarşı davam edən təqib və təzyiqlər də kifayət qədər səngiyəcək. Bu isə son nəticədə Azərbaycanda icma üçün ciddi bir çətinliyin yaranmayacağına işarədir.

Əslində, bu cür hallar ümumiyyətlə olmamalıdır. İstənilən Azərbaycan vətəndaşına qarşı təzyiq və ya təqib, əgər o şəxs Azərbaycan vətəndaşıdırsa, Azərbaycan qanunvericiliyi ilə tənzimlənməlidir. Rusiya vətəndaşı olsa belə, məsələ Rusiya qanunvericiliyi çərçivəsində həll edilə bilər. Lakin istənilən halda, bu kimi hallar dövlətlərarası münasibətlərə zərbə vurmamalıdır. Hazırkı mərhələdə həm Rusiya, həm də Azərbaycan üçün münasibətləri gərginləşdirmək və ya qarşılıqlı inamsızlıq yaratmaq dövrü deyil. Əksinə, tərəflər arasında dialoqun qorunması və siyasi-ekonomik əməkdaşlığın davam etdirilməsi hər iki ölkənin maraqlarına cavab verir. Ona görə də hesab etmək olar ki, Moskva bu reallığı başa düşür və Rusiyada yaşayan azərbaycanlılara münasibətdə xüsusi həssaslıq nümayiş etdirmək siyasətini davam etdirəcək. Bu, həm ikitərəfli münasibətlərə, həm də ümumən regiondakı sabitliyə müsbət təsir göstərəcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə