Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb. Azərbaycan Cüdo Federasiyasından SİA-ya bildirilib ki, ölkəmizi turnirdə 12 idmançı təmsil edəcək.
Kişilərin mübarizəsində Ruslan Paşayev (66 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Elcan Hacıyev (90 kiloqram), Zelim Kotsoyev (100 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) qüvvələrini sınayacaqlar.
Qadınların yarışında isə Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Südabə Ağayeva, Aytac Qardaşxanlı (hər ikisi 70 kiloqram) və Günel Həsənli (78 kiloqram) güclərini yoxlayacaqlar.
Noyabrın 8-10-da təşkil olunacaq cüdo yarışlarında 30-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar.
Qeyd edək ki, İslamiadanın yerli təşkilat komitəsi tərəfindən iştirakçı ölkələrə 5 kişi və 7 qadın cüdoçu üçün kvota ayrılıb. Kvota məhdudiyyətinə görə Azərbaycan millisi Oyunlarda tam heyətlə çıxış edə bilməyəcək. Heyət seçimində qarışıq komanda yarışında zədə və digər hallar səbəbilə ehtiyat idmançıların olması xüsusi diqqətdə saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə