“ "Ali təhsilli ofisiant" ifadəsi cəmiyyətin hansı vəziyyətdə olduğunu göstərir” - FİKİR BİLDİRİLDİ

“Gənclərin işlə təminatı məsələsi bu gün ölkədə böyük sosial problemdir. Gənclər özlərinə iş axtarırlar və bir çox hallarda tapa bilmirlər. Bu isə onlar üçün böyük bir sosial problemə çevrilib. Hansı ki, gənc bu cəmiyyətdə böyüyüb, bu cəmiyyətdə təhsil alıb, təhsili haqqında diplomu var. Hər hansı bir idarə və ya təşkilat da vakansiya elan edir və bu sahədə işləmək üçün işçi axtarır. Gənclər isə bu işlə maraqlananda onlardan iş təcrübəsi tələb olunur”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.

O bildirib ki, universiteti yeni bitirmiş gəncdən təcrübə tələb etmək anormal haldır: “Çünki universiteti yenicə bitirmiş bir gənc harada təcrübə keçməlidir ki, ixtisasına uyğun vakant yer tapıb işə girə bilsin? Axı, o işləməlidir ki, təcrübə qazansın. Sanki idarə və müəssisə rəhbərləri, eləcə də özəl sahədəki sahibkarlar gənclərə işi öyrətməkdən çəkinirlər. Onlar ancaq hazır kadr istəyirlər. Axı vaxtilə onlara da bu cəmiyyətdə dəstək göstərilib, kimsə onlara işi öyrədib. İndi nə üçün gənclərə bu imkanı tanımırlar?
Nəticədə gənclər ali təhsil alır, diplom əldə edir, amma iş tapa bilməyib, kafe və restoranlarda ofisiant işləyir. "Ali təhsilli ofisiant" ifadəsi cəmiyyətin hansı vəziyyətdə olduğunu göstərir. Bu, gənclərin gələcəyə inamını sarsıdır.

Hazırda 28-35 yaş arasında olan bir çox gənc ailə qurmaq istəyir, amma ev, iş və maddi imkanları olmadığından bu mümkün olmur. Bu isə birbaşa sosial problemlərin kökündə duran məsələdir.

Gənclərin ailə qura bilməməsi işsizliyin, evsizliyin və ümidsizliyin nəticəsidir. Belə olanda həm gənc zərər görür, həm də ailə institutu və cəmiyyətin gələcəyi – yəni genofondumuz zərbə alır. Nəticədə ailə qurma yaşı gecikir, əhali yaşlanır və cəmiyyətin inkişafı dayanır.

Odur ki, bu məsələ ilə barışmaq olmaz. Dövlət qurumları, idarə və müəssisələr bu problemi ciddi şəkildə nəzərə almalı və gənclərin işlə təminatını prioritet məsələ kimi həll etməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə