“Prezidentin Qazaxıstana səfəri böyük uğurla yadda qaldı“ - ŞƏRH OLUNDU

“Cənab Prezidentin Qazaxıstana səfəri böyük uğurla yadda qaldı. Səfər öncəsi Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” media agentliyinə verdiyi müsahibədə bir sıra mühüm məsələlərə toxunmuşdu. O cümlədən, ikitərəfli siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin yüksək səviyyəyə çatdığı qeyd olunmuşdu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, bu münasibətlər təkcə ikitərəfli çərçivədə deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişafına da ciddi töhfə verir: “Azərbaycan və Qazaxıstan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında körpü rolunu oynayır, yeni bağlantılar yaradır və bu da regionda dövlətlərin və xalqların inkişafına təsir göstərir.

Qazaxıstan, həmçinin Cənubi Qafqazda sülh quruculuğu prosesinə də dəstək verir. Almatıda Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirildi ki, bu da sülh prosesi kontekstində mühüm bir addım hesab olunur. Bundan əlavə, Orta Dəhliz və Trans-Xəzər marşrutu müstəvisində də böyük əməkdaşlıq perspektivləri mövcuddur. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında çox yaxın və səmimi münasibətlər mövcuddur. Səfər zamanı bir sıra mühüm sənədlər imzalandı. Eyni zamanda, Prezident İlham Əliyev Süni İntellekt Mərkəzi ilə də tanış oldu. Azərbaycan süni intellekt sahəsinə böyük önəm verir və ABŞ ilə imzalanmış memorandum çərçivəsində bu sahədə əməkdaşlığın genişləndirilməsi vurğulanıb.

Ümumilikdə, bu səfər gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edir. Prezident İlham Əliyev həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib və ümid edirik ki, qarşılıqlı səfərlər Azərbaycan-Qazaxıstan münasibətlərinin daha da inkişafına xidmət edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə