"Böyük Qayıdış azad edilmiş ərazilərində dayanıqlı inkişafın əsasını qoyur" - POLİTOLOQ ŞƏRH ETDİ

"Böyük Qayıdış proqramı müasir Azərbaycan dövlətinin ən genişmiqyaslı və strateji əhəmiyyətli layihələrindən biridir. Bu proqram təkcə məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı deyil, eyni zamanda azad edilmiş torpaqlarda sosial, iqtisadi və ekoloji baxımdan tam yeni bir inkişaf modelinin formalaşdırılmasını hədəfləyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə aparılan infrastruktur quruculuğu Azərbaycanın milli gücünün, dövlət idarəetmə potensialının və planlı siyasətinin real təcəssümüdür. Qısa zaman ərzində həmin bölgələrdə yollar, körpülər, su və enerji xətləri, hava limanları, yaşayış məntəqələri və sosial obyektlərin inşası göstərir ki, Azərbaycan dövləti bu əraziləri təkcə bərpa etmir, onları yeni inkişaf mərkəzinə çevirir: "Bu layihələr regionun iqtisadi dirçəlişinə birbaşa təsir göstərir. Artıq Füzuli, Zəngilan, Laçın və Cəbrayılda yaradılan sənaye parkları və “ağıllı kənd” layihələri yerli istehsalın və məşğulluğun əsas dayaq nöqtəsinə çevrilməkdədir. Bu, yalnız əhalinin sosial rifahını yüksəltmir, həm də bölgələrdə iqtisadi müstəqilliyin bərqərar olmasına xidmət edir. Eyni zamanda, Böyük Qayıdış proqramı Azərbaycanın regiondaxili balansını gücləndirir. Uzun illər işğal altında qalan torpaqlarda həyatın bərpası demoqrafik sabitliyin və milli təhlükəsizliyin əsas amilinə çevrilir. Köç prosesinin mərhələli və planlı şəkildə həyata keçirilməsi bu ərazilərdə dayanıqlı məskunlaşmanı təmin etməyə yönəlib. Bu, gələcəkdə sosial xidmətlərin keyfiyyətli təşkili və iqtisadi fəaliyyətlərin davamlılığı üçün zəruri bazanı yaradır. Siyasi baxımdan da Böyük Qayıdış Azərbaycanın suverenlik anlayışını praktik səviyyədə möhkəmləndirir. Dövlət bu ərazilərdə real idarəetməni bərpa etməklə yanaşı, Ermənistanın uzun illər boyunca yaratdığı “boş ərazi” reallığını tamamilə aradan qaldırır. Bu, həm beynəlxalq hüququn, həm də tarixi ədalətin bərpasının bariz nümunəsidir.

Bütün bu işlərin ardında Prezident İlham Əliyevin uzaqgörən strateji baxışı dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq siyasəti göstərir ki, Böyük Qayıdış yalnız bir köç prosesi deyil, milli intibah layihəsidir. Bu proqram Azərbaycanın gələcək onilliklər üçün iqtisadi, sosial və humanitar sabitliyinin əsasını təşkil edəcək. Böyük Qayıdış təkcə azad edilmiş torpaqlara deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə yeni nəfəs verir. Bu, həm xalqın öz doğma torpağına bağlılığının simvoludur, həm də dövlətin qüdrətinin, iradəsinin və gələcəyə inamının təntənəsidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə