Paytaxt Bakıda 4 nəfər aldadılaraq ümumilikdə 43 min 800 manat maddi vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə məlumat veriblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı B.Kətənov saxlanılıb.
Bununla yanaşı, paytaxtın Nizami rayonundakı evlərin birindən talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 9 min manatın oğurlandığını bildirib. Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 45 yaşlı R.İmanov müəyyən edilərək saxlanılıb.
Nəsimi rayonunda isə avtomobildən 300 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini 38 yaşlı Ə.Rzazadə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bundan əlavə, paytaxtın Səbail rayonunda 1 nəfərin nəqliyyat vasitəsi qaçırılıb. Rayon sakini ərazi polis orqanına müraciət edərək “VAZ-2107” markalı avtomobilinin naməlum şəraitdə qaçırıldığını bildirib. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 27 yaşlı T.Kərimov avtomobillə birgə müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə