Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun Gənclər Teatrında 8 Noyabr-Zəfər Günü münasibətilə təntənəli bayram konserti və qəbul təşkil olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyi tərəfindən Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə keçirilib.
Mərasimdə Bosniya və Herseqovinanın mədəniyyət və idman naziri, Sarayevo şəhərinin meri, müdafiə nazirinin müavini, hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, hərbi attaşelər, EUFOR tərkibində xidmət keçən türk batalyonunun zabit və əsgərləri, ictimaiyyət nümayəndələri və bu ölkədə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev açılış nitqi ilə çıxışında tarixi Zəfər Gününün təməlinin 5 il bundan əvvəl, sentyabrın 27-də qoyulduğunu, Azərbaycan xalqının 44 gün ərzində yüzlərlə şəhid verərək bu Zəfərə doğru addım-addım irəlilədiyini xatırladıb. O bildirib ki, Zəfər bayramı rəsmən noyabrın 8-də qeyd edilsə də, doğma torpaqların erməni işğalından azad edilməsi uğrunda mübarizəyə atılan Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin hər günü yeni-yeni yaşayış məntəqələri, kənd və şəhərləri azad etməklə böyük Zəfərə aparan qələbələrə imza atıb. “Ordumuz tək torpaqları işğaldan azad etməyib, həm də Cənubi Qafqaz regionuna sülh, stabillik, əməkdaşlıq və qarşılıqlı anlaşma gətirib. Azərbaycan Ordusu həm də erməni xalqının xilaskarı olub. Onu revanşizm duyğuları, milli ədavət, qisas əhvali-ruhiyyəsi təbliğ edən şovinist, revanşist “liderlərin” hakimiyyətindən qurtarıb. İndi 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarda böyük bərpa-quruculuq işləri görülür. Azərbaycan təkcə müharibə meydanında deyil, dinc həyatda da zəfər qazanıb”, - deyə diplomat vurğulayıb.
Qarabağın Azərbaycan mədəniyyətinin, xüsusilə də zəngin musiqi mədəniyyətimizin beşiyi olduğunu diqqətə çatdıran Vilayət Quliyev Zəfər bayramını “Qarabağ” ansamlının konsert proqramı ilə qeyd edilməsinin rəmzi məna daşıdığını bildirib: “Qarabağdan pərvazlanan muğam xalqımızın ruhunun, tarixinin və emosional dərinliyinin musiqi ilə ifadəsidir. UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş bu sənət forması bu gün də bizi birləşdirir və dünyaya təqdim edir”.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti, muğam ustası Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” Muğam Qrupu zəngin və rəngarəng konsert proqramı ilə çıxış edib. Tamaşaçılara Azərbaycanın qədim muğam ənənəsinin incəliklərini əks etdirən unudulmaz musiqi axşamı bəxş olunub. Hər bir musiqi nömrəsi tamaşaçıların alqışları ilə müşayiət olunub.
Mənsum İbrahimovu Azərbaycanın Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər. Onlar həm də instrumental muğamlardan nümunələr səsləndiriblər. Tamaşaçılar Azərbaycan musiqiçilərinin məharətini yüksək qiymətləndirərək konsertin Sarayevonun mədəni həyatında mühüm hadisə olduğunu qeyd ediblər.
Uğurla keçən Zəfər Günü konserti Azərbaycan səfirliyinin çoxsaylı qonaqların iştirakı ilə təşkil etdiyi təntənəli qəbulla başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə