“Sərhədə nəzarət əhalinin rifah halının yaxşılaşmasına mühüm töhfə verir“ - ŞƏRH OLUNDU
“Məlumdur ki, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinə uzun illər ərzində ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində nəzarət etmək mümkünsüz olmuşdu. 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad olunması isə otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürməyə imkan verdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, ölkə rəhbərinin tapşırığı ilə Dövlət Sərhəd Xidməti tərəfindən qısa müddət ərzində İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi işğaldan azad olunan hissəsində də bütün zəruri mühafizə infrastrukturu yaradıldı və sərhəd zastavalarının fəaliyyəti bərpa edildi: “Zəngilanın Ağbənd qəsəbəsinin işğalçılardan azad edilməsi ilə Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi mühüm tarixi hadisə, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbə kimi qəbul oluna bilər. Belə ki, nəzarətsiz sərhədlər uzun bir dövr ərzində ölkəmizin təhlükəsizliyinə ciddi təhdid yaradırdı. Həmin ərazi faktiki olaraq beynəlxalq terrorizm yuvasına, gizli narkotrafik, qanunsuz miqrasiya məkanına çevrilmişdi. Bu baxımdan Azərbaycanın İranla sərhədə tam nəzarət etməsi təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Digər bir tərəfdən isə sərhədə nəzarət, həm də sərhəd bölgələrin daha da dirçəlməsinə, əhalinin rifah halının yaxşılaşmasına da mühüm töhfə verir. Həm Azərbaycanın, həm də İranın Araz çayının su və enerji ehtiyatlarından daha səmərəli istifadə etməsinə şərait yaradır ki, bu da iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığı üçün yeni perspektivlər deməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə