"Son iki həftə ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ard-arda dünyanın müxtəlif regionlarında keçirilən dörd mühüm beynəlxalq zirvə toplantısında iştirak edib. Bu görüşlərin hər biri Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik fəallığının və qlobal proseslərdə oynadığı önəmli rolun bariz göstəricisi olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, zirvə toplantılarında ölkəmizin dövlət başçısı yüksək səviyyədə qarşılanmış, Azərbaycan adından səslənən fikirlər diqqətlə dinlənmiş və qəbul edilmiş qərarlarda ölkəmizin mövqeyi öz əksini tapmışdır:
"Bu tədbirlər bir daha nümayiş etdirdi ki, Azərbaycan bu gün artıq regional deyil, həm də qlobal miqyasda söz sahibidir. Prezident İlham Əliyevin uzaqgörən, balanslaşdırılmış və prinsipial siyasəti nəticəsində ölkəmiz etibarlı tərəfdaş, sülh və əməkdaşlıq təşəbbüslərinin fəal dəstəkçisi kimi tanınır. Azərbaycanın mövqeyi bütün tərəflər üçün aydın və məntiqlidir - qarşılıqlı hörmət, beynəlxalq hüquqa əsaslanan münasibətlər və sülh şəraitində birgə inkişaf prinsipləri. Bu nailiyyətlərin arxasında, şübhəsiz ki, güclü və dinamik şəkildə inkişaf edən Azərbaycan dövləti, dayanıqlı iqtisadiyyat və milli maraqları qətiyyətlə müdafiə edən lider dayanır. Prezident İlham Əliyevin diplomatik fəaliyyəti, onun müxtəlif beynəlxalq platformalarda apardığı ardıcıl və məntiqli çıxışlar bir daha sübut edir ki, Azərbaycanın sözünə və mövqeyinə etibar edilir.
Eyni zamanda, dövlət başçısının son dövrlərdəki gərgin iş qrafiki də diqqətdən kənarda qalmır. Qısa müddət ərzində bir neçə qitədə keçirilən mühüm beynəlxalq görüşlərdə iştirak etmək, çoxsaylı ikitərəfli və çoxtərəfli danışıqlar aparmaq böyük siyasi çeviklik və yüksək məsuliyyət tələb edir. Bu, həm də Prezident İlham Əliyevin ölkə maraqlarının təmin olunması, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi yolunda göstərdiyi fədakar fəaliyyətin göstəricisidir. Bütün bunlar Azərbaycanın bu gün dünya arenasında etibarlı, müstəqil və güclü dövlət kimi tanındığını bir daha sübut edir. Azərbaycanın səsi artıq beynəlxalq səviyyədə eşidilir və qəbul olunur. Bu isə dövlətimizin gələcək inkişafı və qlobal proseslərdə fəal iştirakı üçün möhkəm zəmin yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə