Soner Sarıkabadayı Azərbaycanla bağlı paylaşımlarına marağın onu sevindirdiyini bildirib
Bir çox tanınmış türk sənətçilərinin konsertlərini təşkil edən məşhur təşkilatçı Eyyub Hüseynzadə daha bir möhtəşəm musiqi gecəsinə imza atıb. Soner Sarıkabadayının Bakıda keçirilən konserti böyük tamaşaçı marağı ilə qarşılanıb.
Sənətçi Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək, ölkəmizin onun üçün hər zaman xüsusi olduğunu vurğulayıb. O, Bakı konserti ilə bağlı sosial şəbəkələrdə etdiyi paylaşımların digər məkanlara həsr olunan paylaşımlardan fərqləndiyini qeyd edib.
SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin məşhur müğənnisi Soner Sarıkabadayı bildirib.
Soner Sarıkabadayı bildirib ki, Azərbaycanla bağlı paylaşımlarına göstərilən maraq və diqqət onu həm sevindirir, həm də duyğulandırır. Onun sözlərinə görə, Azərbaycan mahnıları və sosial şəbəkələrdə yayılan videolar vasitəsilə insanların həmin musiqilərə maraq göstərməsi sənətçi üçün xüsusi əhəmiyyət daşıyır.
Müğənni qeyd edib ki, Azərbaycan mahnıları ilə bağlı videoları özü yaradıb və bu ideya başqa paylaşımlardan ilhamlanmayıb. İlk videolar yayımlandıqda bəzi istifadəçilər onun hesabının saxta olduğunu düşünüblər.
Sənətçi Azərbaycan mahnılarının yenidən gündəmə gəlməsində həmin əsərləri ifa edən səs sənətçilərinin də böyük əməyi olduğunu vurğulayıb. O, bu ifaların mahnılara yeni həyat verdiyini və konsertlərdə həmin əsərləri tamaşaçılar qarşısında ifa etməsinə imkan yaratdığını bildirib.
Soner Sarıkabadayı gələcəkdə Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi digər türkdilli ölkələrdə də konsertlər vermək arzusunda olduğunu deyib. Onun sözlərinə görə, bu istiqamətdə müəyyən görüşlər keçirilir və bəzi məsələlərin dəqiqləşməsi gözlənilir.
“İnşallah, bütün Türk dövlətlərində, onların da müvafiq icazə və razılıq verdiyi yerlərdə konsertlər təşkil etmək istəyirəm”, – deyə müğənni bildirib.
O, digər türk dövlətlərindən konsert təkliflərinin olub-olmaması ilə bağlı suala cavabında bu istəyin həm şəxsi arzusu olduğunu, həm də qarşı tərəfin marağının zamanla bəlli olacağını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB