“Soner Sarıkabadayının konsertinə biletlər bir həftə əvvəl tam satılıb” -EYYUB HÜSEYNZADƏ
Bir çox tanınmış türk sənətçilərinin konsertlərini təşkil edən məşhur təşkilatçı Eyyub Hüseynzadə daha bir möhtəşəm musiqi gecəsinə imza atıb. Soner Sarıkabadayının Bakıda keçirilən konserti böyük tamaşaçı marağı ilə qarşılanıb.
SİA xəbər verir ki, Eyyub Hüseynzadə jurnalistlərə açıqlamasında Soner Sarıkabadayı ilə əməkdaşlığından, konsertə olan maraqdan və qarşıdakı layihələrindən danışıb.
Təşkilatçı bildirib ki, Soner Sarıkabadayı ilə beş il ərzində iki dəfə konsert təşkil ediblər: “Bundan əvvəl də bir çox tanınmış türk sənətçilərinin konsertlərinin təşkilatçılığını həyata keçirmişik. Soner bəyin konsertinin biletləri üç ay öncədən satışa çıxarılıb və tədbirə bir həftə qalmış bütün biletlər satılıb. Deyərdim ki, digər bir çox sənətçilərlə müqayisədə onun kaprizləri o qədər də çox deyil. Bu baxımdan onunla işləmək bizim üçün çox rahatdır”.
Konsert proqramında xüsusi yeniliklərin olmadığını qeyd edən Eyyub Hüseynzadə bəzi sürprizlərin sənətçinin özündən qaynaqlandığını deyib: “Bəzən Soner bəy özü səhnədə sürprizlər edir. Hətta elə olur ki, bu sürprizlər bizim üçün də gözlənilməz olur”.
O, gələn il də Soner Sarıkabadayının konsertini təşkil etməyi planlaşdırdıqlarını bildirib: “Gələn il yenidən, noyabr ayında Soner bəyin konsertini təşkil etməyi planlaşdırırıq. Düşünürəm ki, bu layihə yenə uğurlu olacaq. Son bir il yarımda onun Azərbaycanla bağlı paylaşımları, sosial şəbəkələrdə diqqət çəkən videoları geniş yayılıb və daim gündəmdə qalmasına səbəb olub. Biletlərin erkən satılması da növbəti konserti eyni tarixlərdə keçirmək qərarımıza təsir göstərib”.
Təşkilatçı qarşıdakı aylarda keçiriləcək digər konsert layihələri barədə də məlumat verib. Onun sözlərinə görə, yanvar ayında Emrahın, fevral ayında Özcan Denizin, martın 8-də Gökhan Özenin, martın 11-də isə Level Z5-in konserti planlaşdırılır. Aprel-may aylarında da bir və ya iki konsertin təşkili nəzərdə tutulur.
Eyyub Hüseynzadə qeyd edib ki, bu il ümumilikdə 80-ə yaxın konsert layihəsi həyata keçirilib. O, sənətçilərin gündəmdə olmasının konsertlərə marağın artmasında mühüm rol oynadığını vurğulayıb.
“Son illərdə yeni mahnıların çıxması, əvvəlki mahnıların yenidən gündəmə gəlməsi və sosial şəbəkələrdə diqqət çəkmək əsas faktorlardandır. Bəzi sənətçilər var ki, tanınırlar, amma yeni mahnıları yoxdur və gündəmdə deyillər. Bu da tamaşaçı marağına təsir edir. Soner bəyin Azərbaycanla bağlı paylaşımları da diqqətimizi çəkən amillərdən biri olub. Bununla yanaşı, başqa faktorlar da var. Türkiyənin tanınmış sənətçilərinin təxminən 90 faizinin konsertini artıq təşkil etmişik və hazırda yeni simalar axtarışındayıq”, – deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB