Naxçıvanda növbəti “Təmiz hava” aylığı tədbiri keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində “Təmiz hava” aylığı tədbiri təşkil olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, bir sıra küçə və prospektlərində keçirilən tədbir zamanı xüsusi cihaz vasitəsilə daxiliyanma mühərrikli nəqliyyat vasitələrindən çıxan qazların tərkibindəki zərərli maddələrin miqdarı ölçülüb, normadan artıq zərərli qaz ixrac edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb. Sürücülərə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq tövsiyə olunub.

Tədbirin məqsədi avtomobillər tərəfindən atmosferin çirkləndirilməsinin hazırkı vəziyyətinin öyrənilməsi, eyni zamanda. ətraf mühiti normadan artıq çirkləndirən nəqliyyat vasitələrinin aşkar olunması və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsidir.

Qeyd edək ki, noyabr ayının 20-dək ölkə ərazisində “Təmiz hava” aylığı tədbiri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə