Hazırda planet vətəndaşını narahat edən məsələlər siyahısında ətraf mühitlə bağlı ekoloji problemlər əsas yer tutur. Bura meşələrin qırılması, atmosferin çirkləndirilməsi, tullantıların artması, su hövzələrinin quruması, buzlaqların əriməsi və s. daxildir. "Ekoloji problem” geniş sahələri əhatə edir: suyun çirklənməsi, tullantılarla çirklənmə, tullantıların idarə edilməsi, torpaq çirkliliyi və s. faktorlar var.
1. Hava çirklənməsi:
Ən çirklənmiş ölkələrdən birincisi: Çad, Banqladeş, Pakistan, Konqo Demokratik Respublikası, Hindistandır.
2. Məişət (şəhər) tullantılarına görə çirklənmədə isə sıralama belədir: ABŞ, Avstriya, Danimarka, İsrail, Almaniya, Avstraliya, Kanada , İsveç, Fransa, İtaliya
Dünya üzrə illik təxminən 2.2 milyard ton məişət tullantısı yaranır. Bunun yalnız 19%-i təkrar emal olunur.
Plastik və qida tullantıları ən böyük paya sahibdir. Ən çox tullantı yaradan ölkələr — inkişaf etmiş,ən az tullantı yaradanlar isə inkişaf etməkdə olan ölkələrdir.
Beynəlxalq ekologiya təşkilatları deyirlər ki, dəyişikliyə doğru radikal addımlar atılmasa, planet üçün geri dönüşü mümkün olmayan nəticələrlə üzləşəcəyik. İctimai təşkilatlar və fəallar “sıfır tullantı” və ya “az tullantı” prinsipləri ilə yaşamaq üçün ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə kömək edən müxtəlif layihələr həyata keçirirlər. Ekspertlərin fikrincə, uşaqlara kiçik yaşlardan ekoloji problemlər və onun mümkün fəsadları haqqında məlumat verilməlidir. Uşaqlıqda yaradılan gündəlik vərdiş və prinsiplər 15-20 ildən sonra ətraf mühit standartlarını müəyyən edəcək.
3. Tullantıların idarə olunması:
Dünyada tullantıların təkrar emal olunması üzrə uğurlu işlər görmüş ölkələrin təcrübəsinə nəzər salaq.
Skandinaviya ölkələri tullantılarla mübarizədə çox uğurlu nəticələr əldə edib. Avropa İttifaqının statistikasına görə, İsveçdə ildə adambaşına 458 kq, ölkə üzrə isə 4,6 milyon tondan artıq tullantı toplanır. Onun 34,6 faizi təkrar emala göndərilir, 48,5 faizindən isə yandırılaraq enerji istehsal edilir. Qalan hissədən bioqaz və kompost istehsalında istifadə olunur.
Norveçdə adambaşına orta hesabla 449 kq tullantı düşür. Ölkə üzrə bu rəqəm 2,4 milyon tona yaxındır. Burada da tullantıların 58 faizi yandırma zavoduna, 38 faizi isə emala gedir. Skandinaviya ölkələrində əldə olunan nəticə əhali ilə aparılan maarifləndirmə işinin nəticəsidir. Onilliklərlə aparılan maarifçilik yerli sakinlərdə tullantıları çeşidləmək vərdişləri yaradıb. Avropa İttifaqının bütün şəhərlərində tullantıların çeşidlənərək yığılması üçün çənlər quraşdırılıb. Bu ölkələrdə tullantıların çeşidlənməsi və utilizasiyası prosedurlarının pozulması yüksək cərimələrlə nəticələnə bilər.
Yaponiya hər il təxminən 44 milyon ton məişət tullantısı istehsal edir. Ekoloqların dediyinə görə, bir neçə onilliklər əvvəl Yaponiyada tullantılarla bağlı böyük problemlər var idi. İndisə yaponlar demək olar ki, hər şeyi təkrar emal etməyi öyrəniblər. Yaponiya məktəblərində ayrıca “Ekologiya” fənni tədris olunur, uşaqlara ekologiya və bu sahədəki problemlərlə bağlı geniş məlumat verilir. Ekoloji maarifçilik böyüklər arasında da aparılır. Tokio hökuməti bunun üçün xüsusi kurslar yaradıb. Ölkənin yetkin vətəndaşları bu kurslardakı pulsuz mühazirələrə qatılır, davamlı inkişaf, alternativ enerji və s. prinsiplərə əsaslanan şəhərsalma haqqında məlumat alırlar. Ölkə hakimiyyəti əmindir ki, ekoloji təhsili məktəblərlə məhdudlaşdırmaq doğru deyil. Burada ekoloji maarifləndirmə kampaniyası hər bir bələdiyyənin xüsusiyyətləri və problemləri əsasında qurulur. Tullantıların emal olunması sektorundakı müəssisələr də ekoloji savadsızlığın aradan qaldırılmasına yardım edirlər.
Kanadada adambaşına düşən tullantının miqdarı 500 kq-a yaxındır. Bu ölkə 1980-ci illərdə tullantıların ayrıca toplanmasına və təkrar emalına başlayıb. Kanadada düzgün çeşidlənməyə nəzarət edən müfəttişlər var. Çeşidlənən tullantılar müəyyən günlərdə zibil maşınları ilə yığılır. Sakinlər bu cədvələ əməl etmədikdə onları cərimə gözləyir. Kanadada məktəbli və tələbələr üçün xüsusi proqram hazırlanıb. Onu “Environment Canada” qurumunun ekspertləri tərtib ediblər. Uşaqlara zibilin artan həcminin təhlükələri, təkrar emal üsulları və çeşidləmə nüansları haqqında məlumat verilir. Bu biliklər biznesin əsasları, incəsənət, riyaziyyat, təbiət və humanitar elmlər, karyera rəhbərliyi və s. fənlərlə inteqrasiya çərçivəsində verilir.
Kanadada yaşlı əhali də unudulmur. Onlar üçün sosial çarxlar, məlumat kitabçaları hazırlanır.
ABŞ bərk məişət tullantılarının istehsalında liderdir. Ekspertlərin fikrincə, ölkədə azı 250 milyon ton tullantı əmələ gəlir. Hazırda ölkədə 500-dən çox müəssisə tullantı emalı ilə məşğul olur. Tullantılardan bioyanacaq və maye qaz əldə edən fabriklər də var. Ümumilikdə, ABŞ təkrar emal nisbətini 34 faizə çatdıra bilib.
Birləşmiş ştatlarda da əhali arasında bütün səviyyələrdə maarifçilik işi aparılır. Sakinlərə məişətdə malların təkrar istifadəsi öyrədilməklə yanaşı, bəzi hallarda müəyyən vergi güzəştləri də tətbiq olunur. Təhsil müəssisələrində ekologiya ilə bağlı vahid fənn olmasa da, hər ştat ərazinin mədəni və tarixi xüsusiyyətlərini nəzərə alaraq öz proqramını hazırlayır.
Almaniya
Avropada tullantıların təkrar emalı üzrə lider ölkələr Almaniya, Avstriya, Sloveniya və Belçikadır. Orada iqtisadiyyata qaytarılan tullantıların payı 54 faizdən 66 faizə qədərdir. Almaniyada ekoloji təhsil və maarifləndirmədə uşağın şəxsi təcrübəsinə əsaslanaraq problem haqqında öz fikrinin formalaşdırılmasına diqqət yetirilir. Bu ölkədə ekoloji təhsilin vahid konsepsiyası yoxdur. 16 federal ştatın hər birinin qanunvericiliyində ən kiçik məktəbəqədər yaşdan başlayaraq ekoloji təhsil və tərbiyənin davamlılığı haqqında müddəa təsdiqlənib. Bu, məktəbli və tələbələrlə yanaşı, əhalinin başqa kateqoriyalarına da şamil edilir. Almaniyada hələ 1980-ci illərdə “Ekologiya və təhsil” proqramı təsdiqlənib. Müəllimlərin rəhbərliyi altında məktəblilər şəhər mühitində təbii obyektləri və hadisələri müstəqil şəkildə araşdırır və müşahidə edirlər. İnsan və təbiət arasındakı əlaqə, ətraf mühitə təsirin nəticələrinə (həm mənfi, həm də müsbət) xüsusi diqqət yetirilir. Uşaqlarda təbiətə və öz gələcəyinə münasibətdə ekoloji məsuliyyətli davranış norma və qaydaları belə formalaşır. Məişət tullantılarının təkrar emala göndərilməzdən əvvəl düzgün yığılması və çeşidlənməsinə xüsusi diqqət yetirilir.
Birləşmiş Ərəb Əmirlikləri
BƏƏ-də 20 ildən artıqdır ki, ekoloji təhsil və xüsusi dövlət proqramları mövcuddur. 1998-ci ildə Əbu-Dabi Ətraf Mühit Agentliyi əmirlikdə ekoloji təhsil proqramlarını təsdiqləyib. 2009-cu ildə 26 məktəbin iştirak etdiyi “Dayanıqlı Məktəblər Təşəbbüsü” adlı layihənin icrasına başlanıb. Dövlət departamentləri (su, elektrik enerjisi, tullantılar, nəqliyyat), təhsil orqanları, dövlət məktəbləri, qeyri-hökumət təşkilatları, beynəlxalq ekoloji təhsil təşkilatları və özəl sektorla əməkdaşlıq vasitəsilə proqram 150-dən çox məktəbi əhatə etdi. BƏƏ-dəki 11 məktəb bu təşəbbüs sayəsində öz su istehlakını orta hesabla 41,6, enerji istehlakını isə orta hesabla 17 faiz azaltmağı bacarıb.
Azərbaycanda da tullantıların çeşidlənməsi, emalı, su hövzələrinin təmizliyi ilə bağlı müəyyən layihələr həyata keçirilir. Lakin görülən işlər hərtərəfli deyil. Əhalinin, xüsusilə, məktəbli və tələbələrin kütləvi şəkildə ekoloji cəhətdən maarifləndirilməsi üçün böyük səylər göstərilməlidir.
Millət vəkili Musa Quliyev SİA-ya açıqlamasında deyib ki, ötən il Azərbaycanda yüksək səviyyədə keçirilmiş COP29 – BMT-nin İqlim Dəyişiklikləri üzrə konfransı bir daha sübut etdi ki, qlobal, regional və milli səviyyədə iqlim dəyişikliklərinə qarşı mübarizə, onların fəsadlarının azaldılması və bu proseslərdən torpaq, su və bəşəriyyətin rifahı naminə səmərəli istifadə edilməsi istiqamətində ciddi proqramların hazırlanması zəruridir: "Hazırda bəşəriyyətin qarşısında dayanan ən böyük problemlərdən biri məhz iqlim dəyişikliklərinin insan həyatına, təbiətə və iqtisadi sistemlərə vurduğu zərərlərdir. Qlobal istiləşmə prosesi nəticəsində yer üzündə temperaturun yüksəlməsi quraqlıq hallarını artırır, su ehtiyatlarının tükənməsi isə kənd təsərrüfatının inkişafına, qida istehsalının davamlılığına və ümumilikdə qida təhlükəsizliyinə ciddi təsir göstərir. Statistik göstəricilərə əsasən, hazırda dünyada hər beş nəfərdən biri qida çatışmazlığından əziyyət çəkir, dünya əhalisinin təxminən 40%-i isə keyfiyyətli içməli su ilə təmin olunmur. Bu vəziyyət insanların aclığa, yoxsulluğa və müxtəlif xəstəliklərə məruz qalmasına səbəb olur.
Sənayeləşmənin son 30-40 ildə sürətlə artması nəticəsində atmosferə çoxlu miqdarda karbon qazı və digər kimyəvi tullantılar atılmış, bu da həm havanın, həm də torpağın çirklənməsinə gətirib çıxarmışdır. Eyni zamanda, əhalinin sürətli artımı və onun qeyri-bərabər paylanması qlobal miqyasda ekoloji disbalans yaradır. Bütün bu faktorlar dövlətləri ekoloji sabitliyi təmin etmək məqsədilə elmi-texnoloji layihələr və uzunmüddətli proqramlar qəbul etməyə vadar etmişdir. Azərbaycan da bu istiqamətdə mühüm addımlar atan ölkələr sırasındadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf strategiyası” qəbul edilmiş, 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf proqramı çərçivəsində ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir. Bu proqramların mühüm tərkib hissəsini “Böyük Qayıdış” Dövlət Proqramı təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bu layihələr həm sosial-iqtisadi dirçəlişə, həm də ekoloji bərpaya yönəlib. Uzun illər işğal altında qalmış ərazilərdə təbiətin bərpası məqsədilə genişmiqyaslı işlər görülür: torpaqlar minalardan təmizlənir, bağlar salınır, əkin sahələri bərpa edilir, süni göllər yaradılır, yaşıl enerji konsepsiyası əsasında günəş və külək elektrik stansiyaları tikilir.
Bu təşəbbüslər həm təbiətin mühafizəsinə, həm də bölgənin gələcəkdə kənd təsərrüfatı və turizm baxımından inkişafına xidmət edir. Azərbaycan bu yolla ekoloji problemlərin həllində qlobal səylərə öz töhfəsini verir və iqlim dəyişikliklərinə qarşı beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi çıxış edir”.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə bildirib ki, son onilliklərdə ekoloji problemlər bəşəriyyət üçün ən təhlükəli çağırışlardan birinə çevrilmişdir: "Təbii fəlakətlərin sayı, gücü və dövriliyi sürətlə artmaqda, iqlim dəyişiklikləri qlobal miqyasda sabitlik üçün ciddi problemlər yaratmaqdadır. Dünyanın bir çox bölgələrində quraqlıq genişlənir, çaylar və göllər tədricən yoxa çıxır, buzlaqlar əriməkdə, meşələr isə kütləvi şəkildə məhv edilməkdədir. Bu proseslərin əksəriyyəti təbii deyil, məhz antropogen — yəni insan fəaliyyətinin nəticəsidir.
Sənaye və iqtisadiyyatın nəzarətsiz inkişafı, faydalı qazıntıların vəhşicəsinə istismarı, hərbi və iqlim sınaqları kimi fəaliyyətlər təbiətə ağır zərbə vurur. İnsan öz mənafeyini düşünərək ekoloji tarazlığı pozmuş, nəticədə Yer kürəsi öz-özünü bərpa etmək gücünü itirməyə başlamışdır. Alimlər və beynəlxalq ekoloji mərkəzlər bu vəziyyəti ciddi xəbərdarlıq kimi qiymətləndirir, yaxın gələcəkdə qlobal kataklizmlərin – quraqlıq, su böhranı və iqtisadi tənəzzül kimi proseslərin baş verə biləcəyini proqnozlaşdırırlar. Hazırda planetin orta temperaturunun 3°C-yə qədər artacağı ehtimal edilir. Halbuki dünya ölkələri bu artımı cəmi 1°C aşağı salmağa çalışsalar da, sənaye maraqları və iqtisadi gəlirlər bu məqsədə çatmağa mane olur. Xüsusilə iri dövlətlər, o cümlədən ABŞ, ekoloji məsuliyyətdən yayınaraq beynəlxalq protokollara qoşulmaqdan imtina edir. Məsələn, ABŞ təkbaşına atmosferə buraxılan zərərli qazların təxminən 40%-nə görə məsuliyyət daşıyır.
Qlobal kapitalist iqtisadiyyatının əsas problemi nəzarətsiz istehsal və istehlak çılğınlığıdır. Tələbatdan artıq istehsal, təbii ehtiyatların məhdudiyyətsiz istismarı və kimya sənayesinin inkişafı təbiətin özünü bərpa etmə qabiliyyətini tükəndirir. Hərbi sənayenin genişlənməsi və yeni texnologiyaların sınaqdan keçirilməsi də ekoloji tarazlığa ciddi zərbə vurur. Bu gün okeanların dərinliklərində təxminən 15 milyon ton plastik tullantı mövcuddur və hər il əlavə 1 milyon ton plastik dənizlərə atılır. Torpaq və su mənbələri zəhərlənir, tullantıların idarə olunması isə artıq çıxış yolu kimi effektiv deyil. Onların utilizasiyası və yenidən emalı çox baha başa gəlir, buna görə də proses idarəolunmaz səviyyəyə çatmışdır.
Alternativ enerji növləri də, təəssüf ki, tam ekoloji təhlükəsiz deyil. Günəş panellərinin istehsalı zamanı zərərli kimyəvi maddələrdən istifadə olunur, bu da istehsal mərhələsində ətraf mühitə mənfi təsir göstərir. Eyni zamanda su elektrik stansiyaları su dövranının təbii balansını pozur, külək stansiyaları isə hava axınlarının istiqamətini dəyişdirir. Yəni “təmiz enerji” anlayışı hələ də nisbi xarakter daşıyır. Bütün bu proseslər nəticəsində xəstəliklər artır, insanların ömrü qısalır, yeni virus və bakteriyalar meydana gəlir. Canlı aləm məhv olur, ekosistemin təbii tarazlığı pozulur. Artıq 30–40 il əvvəl ekoloqlar tərəfindən verilmiş xəbərdarlıqlar öz təsdiqini tapmaqdadır. Əgər gəlir və iqtisadi maraqlar insan sağlamlığı və planetin rifahından üstün tutulmağa davam edərsə, dünyanın xilası getdikcə daha da mümkünsüz hala gələcək. Bunun üçün hər bir fərd təbiətə qarşı məsuliyyətli davranmalı, dövlətlər isə istehsal, sənaye və enerji siyasətlərini ekoloji təhlükəsizlik prinsiplərinə əsaslandırmalıdır”.
Ekoloq Rövşən Abbasov da qeyd edib ki, müasir dövrdə ekoloji problemlər içərisində su çatışmazlığı ən ciddi və qlobal xarakter daşıyan məsələlərdən biridir: "Su çatışmazlığı dedikdə, ilk növbədə insanların içməli suya çıxış imkanlarının azalması nəzərdə tutulur. Bu vəziyyətin əsas səbəbləri arasında iqlim dəyişiklikləri, su mənbələrinin tükənməsi, əhalinin artması və suyun qeyri-səmərəli istifadəsi mühüm yer tutur.
Son onilliklərdə iqlim dəyişmələri nəticəsində çaylar, göllər və yeraltı su ehtiyatları azalmaqdadır. Eyni zamanda, əhali artdıqca suya olan tələbat da yüksəlir. Lakin bu tələbat yalnız içməli su ilə məhdudlaşmır — su, həm də ərzaq istehsalının və kənd təsərrüfatının əsas faktoruna çevrilib. Suvarma əkinçiliyi olmadan dünya əhalisinin qida tələbatını ödəmək mümkün deyil. Hazırda bir çox ölkələr su ehtiyatlarının səmərəli idarə olunması istiqamətində strateji proqramlar həyata keçirirlər. Məqsəd — suyun iqtisadi dövriyyəsini optimallaşdırmaq, israfçılığın qarşısını almaq və ekoloji tarazlığı qorumaqdır. Bu baxımdan, su resurslarının ədalətli bölüşdürülməsi, təkrar su istifadəsinin təşviqi və müasir su təmizləmə texnologiyalarının tətbiqi prioritet məsələlərdən sayılır. Su problemi ilə yanaşı, tullantıların idarə edilməsi də müasir dünyanın ən aktual ekoloji çağırışlarından biridir. Böyük şəhərlərdə məişət tullantılarının, sənaye müəssisələrindən çıxan kimyəvi tullantıların, kənd təsərrüfatında istifadə olunan pestisid və herbisidlərin torpaq və suya qarışması ekosistemi zəhərləyir. Bu vəziyyətin qarşısını almaq üçün tullantıların ayrılması, yenidən emalı və azalması üzrə milli strategiyalar hazırlanmalıdır.
Xüsusilə plastik tullantılar bu problemin ən təhlükəli hissəsini təşkil edir. Okeanlara, torpağa və canlılara ciddi zərər vuran plastiklər yüz illərlə parçalanmadan qalır. Buna görə də əhalinin ekoloji maarifləndirilməsi, plastikdən istifadənin azaldılması və təkrar emal mədəniyyətinin formalaşdırılması həyati əhəmiyyət daşıyır. Hazırda bir çox ölkələr plastik tullantıların məhdudlaşdırılması ilə bağlı beynəlxalq öhdəliklər qəbul edir və bu istiqamətdə konkret addımlar atır. Qlobal miqyasda ekoloji sabitliyi qorumağın digər mühüm istiqaməti isə yaşıl enerjiyə keçiddir. Günəş, külək və su kimi bərpa olunan enerji mənbələrinin istifadəsi istixana qazlarının atmosferə buraxılmasını azaldır, eyni zamanda enerji təhlükəsizliyini təmin edir. Bu, iqlim dəyişikliklərinin qarşısının alınmasında mühüm rol oynayır. Azərbaycan da bu istiqamətdə ciddi öhdəliklər götürmüşdür. Ölkə 2030-cu ilə qədər istehsal olunan enerjinin ən azı 30 faizini dayanıqlı və yaşıl enerji mənbələrindən əldə etməyi qarşısına məqsəd qoyub. Artıq bir çox regionlarda külək və günəş elektrik stansiyaları tikilir, bu da həm enerji müstəqilliyini, həm də ekoloji təhlükəsizliyi gücləndirir. Beləliklə, su ehtiyatlarının qorunması, tullantıların azaldılması və yaşıl enerjiyə keçid yalnız ekoloji siyasətin deyil, həm də insanlığın gələcək rifahının əsas təminatıdır. Bu məsələlərin hər biri qlobal əməkdaşlıq və hər bir fərdin məsuliyyətli davranışı ilə həll edilə bilər”.
Müəllif: Günay Hacıyeva
İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə