"Azərbaycan diplomatik fəallıq mərkəzinə çevrilir" - DEPUTAT DANIŞDI

"Son dövrlərdə Azərbaycan regionda artan diplomatik fəallıq mərkəzinə çevrilmişdir. Ardıcıl olaraq Edqars Rinkeviç, Volodimir Zelenski və Petr Fialanın ölkəmizə səfərləri Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və strateji əhəmiyyətinin bariz göstəricisidir".

Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, bu səfərlər xüsusilə Avropa məkanının Azərbaycana artan marağını nümayiş etdirir: "Qeyd olunan ölkələrin bir çoxu Avropa İttifaqı və NATO üzvüdür. Bu isə onu göstərir ki, Azərbaycan artıq Avropa üçün təkcə tərəfdaş deyil, həm də enerji təhlükəsizliyi və nəqliyyat-logistika baxımından mühüm strateji aktora çevrilib.

Latviyanın prezidentinin səfəri xüsusilə diqqətəlayiqdir. Latviya kimi Baltik ölkələrinin Azərbaycana marağı onların geosiyasi riskləri şaxələndirmək istəyindən irəli gəlir. Rusiya-Ukrayna müharibəsi fonunda Baltik regionu təhlükəsizlik baxımından həssas bölgəyə çevrilmişdir və bu ölkələr Cənubi Qafqazda, xüsusilə Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışırlar.

Digər mühüm məqam Qəbələnin diplomatik platforma kimi önə çıxmasıdır. Ukrayna və Çexiya liderlərinin məhz burada görüşlər keçirməsi regionların da beynəlxalq diplomatiyada rolunun artdığını göstərir. Bu yanaşma Azərbaycanın yalnız paytaxt mərkəzli deyil, regional inkişaf modelinə üstünlük verdiyini nümayiş etdirir.

Ukrayna Prezidenti Zelenskinin səfəri xüsusi əhəmiyyət daşıyır. Bu, müharibə başladıqdan sonra Ukraynanın Azərbaycana olan etimadının və əməkdaşlıq niyyətinin göstəricisidir. Azərbaycan Ukraynaya həm siyasi, həm də humanitar sahədə dəstək göstərmişdir. Enerji avadanlıqları, generatorlar və digər texniki vasitələrin göndərilməsi Ukraynanın çətin dövründə mühüm rol oynamışdır.

Çexiya ilə münasibətlərə gəldikdə isə, bu ölkə Mərkəzi və Şərqi Avropanın mühüm dövlətlərindən biridir. Çexiya həm Vişeqrad qrupu, həm də Avropa və transatlantik strukturlar çərçivəsində aktiv rol oynayır. Son illərdə daha praqmatik xarici siyasət yürütməsi fonunda Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət qazanmışdır.

İki ölkə arasında iqtisadi əlaqələr də inkişaf etməkdədir. Xüsusilə enerji sahəsində əməkdaşlıq diqqət çəkir və Çexiya Azərbaycanın mühüm enerji tərəfdaşlarından birinə çevrilmişdir".

Deputat həmçinin qeyd edib ki, baş verən diplomatik proseslər göstərir ki, Azərbaycan həm enerji təhlükəsizliyi, həm nəqliyyat-kommunikasiya xətləri, həm də regional sabitlik baxımından mühüm strateji mərkəzə çevrilmişdir: "Bu isə ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunun daha da artdığını təsdiqləyir.

Azərbaycanın beynəlxalq iqtisadi və siyasi əlaqələrinin genişlənməsi fonunda ticarət dövriyyəsinin artması xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə Çexiya ilə ticarət dövriyyəsinin 1 milyard avronu keçməsi bu əməkdaşlığın strateji xarakter daşıdığını göstərir. Bu, Avropanın enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə Azərbaycanın rolunu daha da ön plana çıxarır.

Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ölkələri enerji mənbələrinin şaxələndirilməsinə xüsusi diqqət yetirirlər. Bu baxımdan həm Latviya, həm də Çexiya üçün Azərbaycanla əməkdaşlıq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu əməkdaşlıq həmin ölkələrə daha müstəqil və suveren siyasət yürütmək imkanı da yaradır.

Ukrayna isə Azərbaycanla ənənəvi olaraq dost münasibətlərə malikdir və bu əlaqələri qoruyub inkişaf etdirməyə çalışır. Mövcud çətin şəraitdə Azərbaycan tərəfindən göstərilən siyasi və humanitar dəstək bu münasibətlərin möhkəm əsaslara söykəndiyini təsdiqləyir.

Eyni zamanda vurğulanmalıdır ki, Azərbaycan xarici siyasətində ikitərəfli münasibətlər prinsipinə üstünlük verir və bu əlaqələri heç vaxt üçüncü tərəflərə qarşı yönəltmir. Azərbaycanın praqmatik və balanslı siyasəti onun həm Rusiya, həm Ukrayna, həm NATO üzvü ölkələr, həm də İran ilə eyni zamanda normal və konstruktiv münasibətlər saxlamasına imkan yaradır.

Məhz bu balanslı yanaşma nəticəsində Azərbaycan müxtəlif maraqların toqquşduğu bir dövrdə dialoq və əməkdaşlıq platformasına çevrilmişdir. Bu gün Azərbaycan fərqli mövqelərə malik dövlətlərin bir araya gələrək müzakirələr apara biləcəyi etibarlı məkan kimi qəbul olunur.

Təsadüfi deyil ki, Volodimir Zelenski də Azərbaycanın bu konstruktiv rolunu nəzərə alaraq gələcəkdə Rusiya-Ukrayna dialoqunun təşkili üçün belə platformaların mümkünlüyünü istisna etməmişdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə