“Uşağa sərbəst qərar vermək imkanının verilməsi onun “psixoloji immunitet”ni artırır” -PSİXOLOQ DANIŞDI

“İmtahan həyəcanı psixologiyada normal sayılan bir reaksiyadır və hətta müəyyən səviyyədə faydalıdır. Bu vəziyyət “stres reaksiyası” adlanır və düzgün səviyyədə olduqda insanın diqqətini artırır, performansını yüksəldir”.

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

Onun sözlərinə görə, problem o zaman yaranır ki, bu stres həddindən artıq olur və uşağın düşünmə qabiliyyətini bloklayır:

“Valideynlərin üzərinə bütün məsuliyyəti qoymaq düzgün deyil, amma “valideyn heç nə tələb etmir” fikri də tam doğru sayılmır. Bəzən valideynlər fərqinə varmadan gözlənti və müqayisə ilə uşağa əlavə psixoloji təzyiq yaradırlar. Bu isə uşağın həyəcan səviyyəsini daha da artırır.

Digər mühüm məsələ “psixoloji immunitet” kimi ifadə olunan anlayışdır ki, bu da elmdə rezilyens, yəni stresə qarşı dözümlülük kimi tanınır. Bu xüsusiyyət yalnız imtahan ilində yaranmır, uşaqlıqdan formalaşır. Uşağa sərbəst qərar vermək imkanı verilməsi, səhv etməsinə icazə tanınması və emosiyalarını rahat ifadə edə bilməsi onun gələcəkdə streslə mübarizə bacarığını gücləndirir. Əgər bu amillər yoxdursa, uşaq ilk ciddi streslə qarşılaşanda çətinlik çəkir.

Əsas məqam həyəcanı tam aradan qaldırmaq deyil, onu idarə etməyi öyrənməkdir. Çünki həyəcanı düzgün idarə edən şəxs daha uğurlu nəticə əldə edir. Bu baxımdan imtahan simulyasiyaları, nəfəs texnikaları, nəticəyə deyil prosesə fokuslanmaq və “uğursuzluq son deyil” düşüncəsinin aşılanması uşaqlara ən çox kömək edən üsullar hesab olunur”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə