Restoranlarda “çay limiti”: hüquq pozuntusu, yoxsa biznes qaydası? - AİB SƏDRİ AÇIQLADI
Bakıda elə restoranlar var ki, müştərinin təkcə çay sifariş verməsinə icazə vermir. Çay alanda gərək əlavə yanında nəsə alasan. Bundan əlavə imiti qoyulur. Yəni müştəri sadəcə çay sifariş verib istədiyi qədər otura bilmir. Bəzi restoranlarda buna icazə yoxdur. Ümumiyyətlə bu hal istehlakçı hüquqlarına nə dərəcədə ziddir?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov SİA-ya açıqlamasında bildirib ki, restoranların vətəndaşlara xidmət zamanı vaxt məhdudiyyəti qoyub-qoymaması məsələsi hazırda qanunvericilikdə açıq və konkret şəkildə tənzimlənmir:
“Bu isə praktikada ciddi problemlərə yol açır. Mövcud hüquqi yanaşmaya görə, “qanunla qadağan olunmayan hər şeyə icazə verilir” prinsipi tətbiq olunduğundan, bir çox restoran və digər ictimai iaşə obyektləri müştərilərə müəyyən vaxt limiti tətbiq edir. Lakin bu yanaşma istehlakçı hüquqlarının balanslı qorunması baxımından mübahisəli və bəzən də ədalətsiz nəticələr doğurur.
Reallıqda isə vəziyyət ondan ibarətdir ki, hökumət biznes subyektləri üçün kifayət qədər əlverişli və müdaxiləsiz mühit formalaşdırıb. Bu, iqtisadi aktivliyi stimullaşdırmaq baxımından müsbət addım sayılsa da, digər tərəfdən istehlakçıların hüquqlarının ikinci plana keçməsi riskini artırır. Xüsusilə restoran sektorunda bəzi sahibkarlar bu boşluqdan istifadə edərək müştərilərə sərt vaxt məhdudiyyətləri tətbiq edir, nəticədə vətəndaş istədiyi kimi xidmətdən istifadə edə bilmir.
Belə hallarda istehlakçı ilə biznes subyekti arasında balans pozulur. Əslində isə xidmət sahəsində əsas prinsip qarşılıqlı razılaşma və məmnuniyyət olmalıdır. Müştəri xidmətə görə ödəniş edirsə, o zaman həmin xidmətdən normal və komfortlu şəkildə istifadə etmək hüququna malikdir. Restoranın isə öz biznes maraqlarını qorumaq istəyi başadüşüləndir, lakin bu, istehlakçı hüquqlarının məhdudlaşdırılması hesabına olmamalıdır.
Mövcud vəziyyət onu göstərir ki, bu sahədə hüquqi boşluqların aradan qaldırılmasına ehtiyac var. Qanunvericilikdə restoranların müştərilərə vaxt limiti qoyması ilə bağlı aydın qaydalar müəyyən edilməli, bu məhdudiyyətlərin hansı hallarda tətbiq oluna biləcəyi konkret şəkildə göstərilməlidir. Eyni zamanda, belə məhdudiyyətlər tətbiq olunarsa, bu barədə müştəriyə əvvəlcədən açıq və şəffaf məlumat verilməsi məcburi olmalıdır.
Bu baxımdan, məsələni sistemli şəkildə tənzimləmək üçün Nazirlər Kabineti səviyyəsində müvafiq qərarın qəbul edilməsi məqsədəuyğun olardı. Həmin qərarda həm biznes subyektlərinin maraqları, həm də istehlakçı hüquqları nəzərə alınmalı, balanslı və ədalətli mexanizm formalaşdırılmalıdır. Paralel olaraq, nəzarət mexanizmləri gücləndirilməli və pozuntulara görə məsuliyyət tədbirləri müəyyən edilməlidir.
Nəticə etibarilə, restoranlarda vaxt məhdudiyyəti məsələsi yalnız biznes maraqları prizmasından deyil, həm də vətəndaş hüquqlarının qorunması kontekstində qiymətləndirilməlidir. Bu sahədə hüquqi tənzimləmənin yaradılması həm xidmət keyfiyyətinin yüksəlməsinə, həm də cəmiyyətdə ədalət hissinin möhkəmlənməsinə xidmət edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB