Teatr sənəti niyə bəzi insanlar üçün “köhnəlmiş” görünür? - SOSİOLOQ DANIŞDI

"Teatr sənətinin bəzi insanlar üçün “köhnəlmiş” görünməsi müasir həyat tərzi ilə sıx bağlıdır. Təxminən 20–30 il əvvələ qədər insanlar daha çox kitab oxuyur, kinoteatrlara və teatrlara gedir, televiziya proqramlarını izləyirdilər. Bu fəaliyyətlər həm əyləncə, həm də maariflənmə vasitəsi idi. Lakin son illərdə bu vərdişlərin xeyli zəiflədiyi müşahidə olunur və bunun bir neçə əsas səbəbi var".

Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "Ən mühüm amillərdən biri internetin və rəqəmsal platformaların sürətli inkişafıdır. Sosial şəbəkələr, xüsusilə TikTok kimi qısa video formatına əsaslanan tətbiqlər insanların diqqət müddətini azaldaraq daha sürətli və səthi məzmun istehlakına yönəldir. Bunun nəticəsində uzunmüddətli diqqət və dərin düşüncə tələb edən fəaliyyətlər o cümlədən teatr tamaşaları və mütaliə ikinci plana keçir. Eyni zamanda, insanlar artıq kitab oxumaq əvəzinə audio kitablara üstünlük verir, boş vaxtlarını isə daha çox rəqəmsal mühitdə keçirirlər.

Digər tərəfdən, film və serial platformalarının, məsələn Netflix kimi xidmətlərin populyarlaşması da bu tendensiyanı gücləndirir. Bir çox insan üçün ev şəraitində, istədiyi vaxt və rahatlıqla məzmun izləmək daha cəlbedici görünür. Bu səbəbdən teatr və kinoteatra getmək bəzən “vaxt itkisi” kimi qiymətləndirilir və canlı sənət təcrübəsi alternativ rəqəmsal vasitələrlə əvəz olunur.

Bütün bunların fonunda demək olar ki, müasir insan daha rahat və “asan əldə olunan” əyləncə formalarına üstünlük verir. Bu isə həm psixoloji, həm də fiziki baxımdan müəyyən passivlik yaradır. İnsanlar daha az hərəkət edir, daha az sosial və mədəni mühitlərə qatılır, nəticədə teatr kimi canlı və kollektiv sənət növlərinə maraq azalır.

Bununla belə, teatr sənəti tamamilə unudulmuş deyil. Xüsusilə orta və yaşlı nəslin nümayəndələri arasında azda olsa teatr ənənəsi hələ də qorunub saxlanılır. Bu insanlar daha çox mütaliə edən, ədəbi əsərlərlə tanış olan və səhnə sənətinin dəyərini anlayan şəxslərdir. Onlar üçün teatr yalnız əyləncə deyil, həm də estetik və intellektual zövq mənbəyidir.

Beləliklə teatrın “köhnəlmiş” kimi qəbul olunması daha çox dəyişən həyat tərzinin və texnoloji inkişafın nəticəsidir. Lakin teatrın mahiyyəti və cəmiyyət üçün əhəmiyyəti dəyişməz olaraq qalır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə