“Yaşıl enerji” strategiyası ilə BƏƏ-nin texnoloji və maliyyə potensialı yeni imkanlar verəcək -DEPUTAT DANIŞDI
“Prezident İlham Əliyevlə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü iki ölkə arasında münasibətlərin inkişafına töhfədir”.
Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, bu görüş konkret əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi baxımından diqqət çəkir:
”Dövlət başçımızın vurğuladığı kimi, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsində formalaşıb. Bu əlaqələrin təməlində isə liderlər arasında qurulmuş qarşılıqlı etimad və şəxsi dostluq dayanır.
İqtisadi, enerji və təhlükəsizlik sahələrində konkret layihələr, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq gələcək dövr üçün prioritet istiqamətlərdən biridir. Azərbaycanın “yaşıl enerji” strategiyası ilə BƏƏ-nin texnoloji və maliyyə potensialının uzlaşması qarşılıqlı faydalı nəticələr vəd edir.
Bununla yanaşı, birgə investisiya fondlarının fəaliyyəti və ticari əlaqələrin genişləndirilməsi iki ölkə arasında iqtisadi inteqrasiyanı daha da dərinləşdirir. Görüşdə hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi ilə bağlı müzakirələr də aprılıb. Bu istiqamət həm ikitərəfli münasibətlərin genişlənməsi, həm də regional təhlükəsizlik arxitekturasında koordinasiyanın artırılması baxımından əhəmiyyətlidir.
Görüşdə qlobal məsələlərin, xüsusilə Yaxın Şərqdəki vəziyyətin müzakirəsi tərəflərin beynəlxalq gündəlikdə də ortaq mövqelərə malik olduğunu göstərir. Problemlərin diplomatik yollarla həllinə verilən önəm həm Bakı, həm də Əbu-Dabinin sülh və sabitliyə yönəlmiş siyasətini bir daha təsdiqləyir.
Bu cür görüşlər Azərbaycanla BƏƏ arasında münasibətlərin mövcud səviyyəsini qoruyub saxlamaqla yanaşı onu daha da inkişaf etdirmək məqsədi daşıyır. Siyasi iradə, iqtisadi maraqlar və ortaq strateji baxış bu tərəfdaşlığın gələcəkdə daha geniş miqyas alacağını deməyə əsas verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB