Art-terapiya bacarıqları kəşf etməyə imkan verir

Art-terapiya musiqi, rəsm, heykəltəraşlıq və incəsənətin digər növləri ilə müalicə üsuludur. İlk dəfə 1938-ci ildə Adrian Hill art-terapiyanı vərəm dispanserinin xəstələrinə tətbiq edib. Hazırda ondan psixologiyada geniş istifadə olunur. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib. Psixoloqun sözlərinə görə, art-terapiyanın məqsədi xüsusən danışmayan, özünü ifadə edə bilməyənlərin içindəki, hiss, duyğu, emosiyaları anlamaq, onların üzləşdiyi problemlərin həllinə kömək etməkdir. Məsələn, psixoloq onların çəkdiyi hansısa bir şəklə əsasən narahatlıqlarını aydınlaşdıra bilir, yaxud qum və gil vasitəsilə düzəltdikləri hər hansı bir elementə əsasən onun probleminin nədən qaynaqlandığını müəyyənləşdirir.

Y.Əsgərova qeyd edib ki, həmin müalicə üsulunun müxtəlif növləri kiçik yaşlardan istənilən psixoloji problemin aradan qaldırılmasında kömək edə bilər. Art-terapiyanın 60-dan çox növü var. Onlardan depressiya, stress, mutizm, uşaqlarda zəka inkişaf pozğunluqları və hətta autizm pozuntusunda da art-terapiyadan müalicə vasitəsi kimi istifadə etmək olar.

"Hətta ev şəraitində də art-terapiya tətbiq etməklə stressdən qurtulmaq olar. Məsələn, rəngləmə, şəkillərin kəsilməsi, müxtəlif növ qum və gillə çalışmalar nəticəsində stressdən azad olmaq mümkündür. Rəsm terapiyasında qələm, rəngli karandaş, boya, tabaşir və başqa vasitələrdən istifadə edilir. Art-terapiya zamanı uşağa təxminən 20 dəqiqəyədək vaxt verilir və həmin müddətdə uşaq öz emosional durumunu, psixoloji vəziyyətini ifadə edir. Art-terapiya bacarıqları kəşf etməyə, ətrafdakılarla daha yaxşı ünsiyyət qurmağa da kömək edir", - deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə