Biz inklüziv təhsili həqiqətən tətbiq etməyə hazırıq, yoxsa sadəcə onun adını daşıyırıq?

İnklüziv təhsil , kağız üzərində çox gözəl səslənən, amma sinif otağında həqiqi sınaqdan keçən bir anlayışdır. Fərqli ehtiyacları olan uşaqların eyni mühitdə, eyni sırada oturması ideyası bərabərlik, humanizm və sosial ədalət kimi dəyərlərə söykənir. Amma sual buradadır: bu ideya praktikada hamı üçün eyni dərəcədə işləyirmi?

Sinifdə oturan hər bir uşaq sadəcə “şagird” deyil, o, fərqli psixoloji vəziyyəti, fərqli ailə mühiti, fərqli ehtiyacları olan bir fərddir. Xüsusi qayğıya ehtiyacı olan, davranış və ya psixoloji çətinliklər yaşayan uşaqlar üçün inklüziv mühit bəzən bir şans olur, cəmiyyətə qarışmaq, özlərini “kənar” deyil, “daxildə” hiss etmək imkanı. Amma bu proses düzgün qurulmayanda, həmin uşaqlar nəinki uyğunlaşa bilmir, əksinə, daha çox təcrid olunmuş hiss edirlər.

Digər tərəfdə isə “sağlam” adlandırdığımız uşaqlar var. Onlar da bu prosesin bir hissəsidir və onların təhsil hüququ, psixoloji rahatlığı da eyni dərəcədə önəmlidir. Əgər sinifdə davranış pozuntuları olan uşaq tez-tez dərsi pozursa, aqressiya göstərirsə və ya diqqəti daim yayındırırsa, bu artıq təkcə onun problemi olmur, bu, bütün sinfin tədris keyfiyyətinə təsir edir. Müəllim bir tərəfdən inklüzivliyi təmin etməyə çalışır, digər tərəfdən isə dərsi idarə etməyə. Bu isə bəzən mümkün olmayan bir balans yaradır.

Bəs inklüzivlik həqiqətən adaptasiya yaradırmı? Cavab sadə deyil. Düzgün dəstək sistemi olduqda , yəni məktəbdə psixoloq, xüsusi pedaqoq, fərdi yanaşma və valideynlərlə əməkdaşlıq olduqda, bəli, bu uşaqlar tədricən uyğunlaşa, dostluq qura, sosial bacarıqlarını inkişaf etdirə bilirlər. Hətta bir çox hallarda digər uşaqlar daha empatik, daha anlayışlı böyüyürlər. Onlar fərqliliyi qəbul etməyi öyrənirlər ,bu isə gələcək cəmiyyət üçün böyük qazancdır.

Amma bu sistem kağız üzərində qalanda, resurslar çatmayanda, müəllim tək buraxılanda isə mənzərə dəyişir. O zaman inklüziv sinifdə olan uşaq nə tam qəbul olunur, nə də tam uyğunlaşır. O, bəzən sinfin “problemi” kimi etiketlənir. Digər uşaqlar isə ya ondan uzaqlaşır, ya da onu anlamadığı üçün kənarlaşdırır. Dostluq münasibətləri isə ya çox zəif qurulur, ya da ümumiyyətlə formalaşmır.

Ən ağrılı tərəf də budur: inklüzivlik adı altında heç kim qazanmayanda, nə o uşaq, nə digər uşaqlar, nə də müəllim.

Ona görə də məsələ inklüziv təhsilin “doğru və ya yanlış” olması deyil. Məsələ onun necə tətbiq olunmasındadır. İnklüzivlik sadəcə uşaqları eyni otağa yığmaq deyil. Bu, ciddi hazırlıq, peşəkar dəstək, səbir və anlayış tələb edən bir sistemdir. Əks halda, yaxşı niyyətlə qurulan bir model, həm emosional, həm də tədris baxımından zərərli nəticələr doğura bilər.

Cəmiyyət olaraq bəlkə də özümüzə bu sualı daha dürüst verməliyik: biz inklüziv təhsili həqiqətən tətbiq etməyə hazırıq, yoxsa sadəcə onun adını daşıyırıq?

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə