“Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib” - ŞƏRH EDİLDİ

“Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Artıq ölkəmiz keçirilən tədbirlərin hazırlanması, təşkili və keçirilməsi baxımından hətta bir nümunə, bir brend formalaşdırır. Bu dəfə keçirilən WUF13 forumu indiyədək keçirilən BMT-nin qlobal tədbirləri arasında ən yüksək səviyyədə hazırlanmış və təşkil olunmuş tədbirlərdən biri kimi tarixdə qalacaq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin iştirakı ilə Liderlər Konfransı keçirildi, həmçinin “Baku Urban Awards” mükafatı təsis olundu və bundan sonra hər il bu ad altında təqdim ediləcək:

“Təbii ki, WUF tarixində ilk dəfə olaraq yalnız Azərbaycanda, Bakı şəhərində təşkil olunan bir çox digər mühüm məqamlar da var. Biz həmçinin dünyanın şəhərlərdə yaşayış, mənzil problemləri, inklüzivlik və gələcəyin şəhərlərinin necə formalaşacağı ilə bağlı məsələlərin müzakirəsində fəal iştirak etdik. Azərbaycanın bu sahədə təcrübəsi var. Dünyanın gələcəyə aid düşüncə səviyyəsində nəzərdə tutduğu bir çox layihələri biz artıq həyata keçirmişik. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarımız təqdim olundu.

Azərbaycan Bakı şəhərində müasirliklə qədimliyin vəhdətini necə yaratdığını göstərdi. Eyni zamanda, Azərbaycanın keçdiyi işğal yolunu, torpaqlarımızın işğal olunmasını və şəhər-kəndlərimizin dağıdılmasını, daha sonra Vətən müharibəsində qazanılan qələbə ilə bu ədalətsizliyin aradan qaldırılmasını, beynəlxalq hüququn və ədalətin bərpa olunmasını nümayiş etdirdik.

Post-müharibə dövründə şəhər və kəndlərimizin yenidən qurulmasını, onların hansı formatda və hansı konsepsiya əsasında yaradıldığını da təqdim etdik.

Bütün bu məsələlər və təcrübələrin bölüşdürülməsi düşünürük ki, WUF13 kimi qlobal tədbiri daha da işgüzar səviyyəyə çatdırdı. Burada müzakirə olunan yeniliklər və məsələlər gələcəkdə şəhərlərin problemlərinin həllində nəzərə alınacaq. WUF13 dünyamızın gələcəyi, insanların yaşayış mühiti və müasir şəhərlərin qarşılaşacağı çağırışların həlli yollarını axtaran mühüm platforma kimi çıxış etdi.

Azərbaycanın bu tədbirdəki təqdimatı, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən müasir layihələrin nümayiş etdirilməsi ölkəmizin dünyada tanıdılması baxımından əvəzsiz rol oynadı”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə