Konqres Trampın səlahiyyətlərini qismən məhdudlaşdıran səsverməni ləğv etdi

ABŞ Nümayəndələr Palatasının Respublikaçı liderləri Prezident Donald Trampın İrana qarşı hərbi kampaniyasını məhdudlaşdırmağa yönəlmiş səsverməni qəfil ləğv ediblər. Bu barədə Bloomberg və Axios məlumat yayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qərarın əsas səbəbi Respublikaçıların sessiya zalında kifayət qədər iştirak etməməsi və sənədin rədd olunması riskinin yaranması olub. Məlumata görə, bu vəziyyət Prezident Donald Tramp üçün “utancverici məğlubiyyət” kimi qiymətləndirilə bilərdi.

Bloomberg yazır ki, bu addım həmin həftə Nümayəndələr Palatasında ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına son qoyulmasını nəzərdə tutan qətnamə ilə bağlı nəticəsiz səsvermədən sonra atılıb.

Hesabatda qeyd olunur ki, demokratlar populyar olmayan xarici münaqişə ilə bağlı ikinci səsvermənin keçirilməsini tələb edirlər. Onların fikrincə, bu münaqişə amerikalılara getdikcə daha çox iqtisadi zərər vurur.

Axios isə bildirir ki, səsvermə əsasən simvolik xarakter daşıyırdı. Çünki Donald Tramp qanun layihəsinə veto qoya bilər.

Bundan əvvəl ABŞ Senatının Donald Trampın müharibə səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qanun layihəsini irəli sürdüyü bildirilmişdi. Sənəd təsdiqlənərsə, Ağ Ev rəhbərliyi İrana qarşı gələcək hərbi əməliyyatlar üçün Konqresin təsdiqini almalı olacaq.

Qeyd edək ki, Donald Tramp mayın 18-də Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ liderlərinin müraciətindən sonra ABŞ-ın İrana planlaşdırdığı hərbi hücumu təxirə salmışdı.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə