Mərkəzi Gömrük Hospitalında uroloji risklər və multidissiplinar klinik yanaşmalara həsr olunmuş elmi seminar keçirilib

22 may 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında həkim və rezidentlər üçün növbəti elmi maarifləndirici seminar keçirilib.

Seminarda Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq-androloq Bəhruz Xalıqov “Gestasiya dövründə uroloji patologiyalara multidissiplinar yanaşma” mövzusunda və Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin 5-ci kurs həkim-rezidenti Güllüxanım Rəhimova “Klinik hal” mövzusunda təqdimatlarla çıxış ediblər. Seminar çərçivəsində hamiləlik dövründə rast gəlinən uroloji patologiyaların erkən diaqnostikası, risklərin düzgün qiymətləndirilməsi və klinik qərarvermə prosesində multidissiplinar əməkdaşlığın rolu geniş şəkildə müzakirə olunub.

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq-androloq Bəhruz Xalıqov çıxışı zamanı gestasiya dövründə müşahidə olunan uroloji patologiyaların klinik spektri, risk faktorları və müasir müalicə yanaşmaları barədə ətraflı məlumat verib. O, xüsusilə hamiləlik zamanı fizioloji dəyişikliklərin uroloji sistemə təsiri və bu dəyişikliklər fonunda yaranan ağırlaşmaların idarə olunmasında fərdi yanaşmanın vacibliyini qeyd edib.
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin 5-ci kurs həkim-rezidenti Güllüxanım Rəhimova tərəfindən təqdim edilən “Klinik hal” isə real tibbi vəziyyət əsasında hazırlanaraq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatda diaqnostik mərhələlər, differensial yanaşma və müalicə strategiyasının seçilməsi addım-addım izah olunub.
Seminarın sonunda iştirakçılar arasında interaktiv müzakirələr aparılıb, klinik suallar cavablandırılıb və praktik təcrübələr bölüşülüb. Qeyd olunub ki, bu tip elmi tədbirlər həkim və rezidentlərin bilik və bacarıqlarının artırılması, eləcə də multidissiplinar əməkdaşlıq mədəniyyətinin inkişaf etdirilməsi baxımından mühüm rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə