“Dayanıqlı şəhərlər qlobal əməkdaşlığın əsas açarıdır” - BMT rəsmisi

“Bu, qlobal miqyasda mühüm əhəmiyyət daşıyan bir hadisədir. Dünyada geosiyasi gərginliklərin və qeyri-sabitliyin artdığı bir dövrdə Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya üçün əsas qlobal platformadır”.

SİA xəbər verir ki, bu fikirləri BMT Baş katibinin müavini Amina J. Mohammed WUF13-ün yekun mətbuat konfransında səsləndirib.

O bildirib ki, forum BMT-nin UN-Habitat qurumu tərəfindən təşkil olunur və dövlətlər, vətəndaş cəmiyyəti, özəl sektor, akademik dairələr, gənclər və digər tərəfləri vahid şəhər gələcəyi ətrafında bir araya gətirir.

Amina J. Mohammed vurğulayıb ki, mənzil təminatı qlobal gündəmdir, lakin onun həlli yerli səviyyədə həyata keçirilir: “İnsan mərkəzli yanaşma dayanıqlılığı gücləndirir və sosial-iqtisadi inkişafı dəstəkləyir”.

O qeyd edib ki, Azərbaycan tərəfindən aparılan yenidənqurma və dayanıqlı sülh siyasəti bu sahədə mühüm nümunə kimi çıxış edir.

BMT rəsmisi əlavə edib ki, dünya iqlim dəyişiklikləri, sosial bərabərsizlik və mənzil çatışmazlığı kimi paralel böhranlarla üz-üzədir və bu, çoxtərəfli əməkdaşlığı daha da vacib edir.

Onun sözlərinə görə, UN-Habitat şəhər və kənd inkişafı istiqamətində siyasətlərin inteqrasiyasında mühüm rol oynayır.

Amina J. Mohammed bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə yalnız onların hər bir ölkədə və icmada real tətbiqi ilə nail olmaq mümkündür.

O əlavə edib ki, gələcək mərhələlərdə COP31 və digər beynəlxalq platformalarda yerli səviyyədə adaptasiya tədbirlərinin gücləndirilməsi əsas prioritet olmalıdır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə