"Azərbaycanın uğurlu siyasəti dünyada maraq doğurur" - ŞƏRH

"Azərbaycan ərazi baxımından böyük dövlət olmasa da, həyata keçirdiyi xarici siyasət nəticəsində qlobal proseslərdə mühüm rol oynayan ölkələrdən birinə çevrilib. Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin qovuşduğu strateji məkanda yerləşir və bu region daim qlobal güclərin maraq dairəsində olub".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslı və çoxvektorlu siyasət nəticəsində bu maraqlar müəyyən mənada uzlaşdırılır və Azərbaycan regionun sabitlik məkanına çevrilir: "Məhz bu səbəbdən Birləşmiş Millətlər Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumların tədbirləri Azərbaycanda keçirilir. Çünki belə tədbirlər yalnız təhlükəsizlik baxımından etibarlı, siyasi cəhətdən sabit və sosial infrastrukturu yüksək standartlara cavab verən ölkələrdə təşkil olunur. Əgər hər hansı dövlətdə qarşıdurma, anarxiya və ya ciddi sosial problemlər mövcuddursa, həmin ölkələrdə beynəlxalq tədbirlərin keçirilməsi mümkün olmur.

Azərbaycan isə artıq bir neçə dəfə dünyanın diqqət mərkəzində olan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. COP29 kimi qlobal əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsi, eləcə də Ümumdünya Şəhərsalma Forumunun Bakıda təşkili bunun bariz nümunəsidir.

Bu tədbirlərdə 180-dən artıq ölkədən nümayəndələrin iştirakı gözlənilir və ümumilikdə 45 mindən çox qonağın Azərbaycana gəlməsi nəzərdə tutulur. Bu isə olduqca böyük göstəricidir. Qısa müddətdə belə sayda xarici qonağın qəbul olunması, onların təhlükəsizliyinin təmin edilməsi, yerləşdirilməsi, logistika və təşkilati məsələlərin yüksək səviyyədə həyata keçirilməsi böyük peşəkarlıq tələb edir.

Tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycanın dünyadakı nüfuzunun göstəricisidir. Bu, həm də Azərbaycanın sabit, təhlükəsiz, hüquqi və inkişaf edən dövlət olduğunu nümayiş etdirir. Xüsusilə Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda sabitlik mühiti yaratmaq və beynəlxalq tədbirlərə ev sahibliyi etmək olduqca mühüm məsələdir.

Eyni zamanda, Azərbaycanın iqtisadi sabitliyi də diqqət çəkən əsas məqamlardan biridir. Bir çox region ölkələrində milli valyutalarda ciddi dalğalanmalar müşahidə olunduğu halda, Azərbaycan uzun illərdir maliyyə sabitliyini qoruyub saxlayır. Bu isə həyata keçirilən iqtisadi islahatların real nəticəsi kimi qiymətləndirilir.

Bununla yanaşı, təhlükəsizlik məsələləri də xüsusi önəm daşıyır. İstər beynəlxalq tədbirlər zamanı, istər COP29 çərçivəsində, istərsə də digər böyük forumlarda Azərbaycanda hər hansı ciddi təhlükəsizlik probleminin və ya kriminal hadisənin baş verməməsi ölkədə sabitliyin yüksək səviyyədə təmin olunduğunu göstərir.

Bu cür beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin dünya miqyasında artan nüfuzunun, etibarlı tərəfdaş imicinin və uğurlu daxili-xarici siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə