Gömrükdə yeni sərtləşmələr: 300 dollarlıq limit qalır, yoxlamalar artır - İQTİSADÇI AÇIQLADI
Milli Məclisin son iclasında Dövlət Gömrük Komitəsinin "Temu" platforması və Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı açıqlamaları həm alıcılar, həm də sahibkarlar arasında ciddi müzakirələrə səbəb olub. xüsusilə 300 dollarlıq limitin saxlanılması və 6 ay ərzində rəsmiləşdirilməyən malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçməsi təklifi idxal prosesində yeni bir dövrün başladığından xəbər verir. Bir tərəfdən sui-istifadə halları ilə mübarizə və şəffaflıq hədəflənsə də, digər tərəfdən bu sərtləşmələrin bazardakı qiymətlərə və kiçik biznesə necə təsir edəcəyi maraq doğurur. 300 dollarlıq limit saxlanıldığı halda yoxlamaların sərtləşdirilməsi çatdırılma müddətinə necə təsir göstərə bilər? Bu dəyişikliklərdən sonra xaricdən mal sifariş edənlərin sayında azalma gözlənilirmi?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, Milli Məclisdə Dövlət Gömrük Komitəsinin “Temu” və Gömrük Məcəlləsinə təklif etdiyi dəyişikliklər faktiki olaraq idxal üzərində nəzarətin sərtləşdirilməsi deyil, onun məhdudlaşdırılması istiqamətində atılan addımdır:
"Bu yanaşma bazar iqtisadiyyatının prinsiplərinə deyil, inzibati müdaxilənin genişləndirilməsinə söykənir. 300 dollarlıq limit formal güzəşt kimi təqdim edilsə də, real olaraq bu məhdudiyyətdir. Limitin saxlanılması güzəşt kimi təqdim olunsa da, yoxlamaların sərtləşdirilməsi onu praktik olaraq mənasız edir. Nəticədə çatdırılma müddətləri uzanır, xərclər artır, vətəndaş üçün risk yüksəlir. Təcrübəmə dayanaraq deyərdim ki, bu, kağız üzərində liberallaşma, praktikada isə sərtləşmədir. Mənzərə budur ki, sanki xaricdən özü məhsul aldığına görə istehlakçıya dolayı cəza tətbiq olunur. Sistem elə qurulur ki, vətəndaş xaricdən sifarişdən imtina etsin. Bu isə rəqabəti zəiflədir, qiymətləri artırır, seçim imkanlarını məhdudlaşdırır. Nəticədə bazar deyil, inzibatçılıq qalib gəlir. Bu cür yanaşma karqo sektoruna da zərbə vurur. Belə görünür ki, bu yeni qaydalar sifarişlərin azalmasına, əməliyyat xərclərinin artmasına, xidmət haqlarının yüksəlməsinə gətirib çıxaracaq. Bu da kiçik karqo şirkətləri üçün bu bazardan çıxış riski deməkdir. 6 ay sonra müsadirə məsələsinə gəlincə isə onu deyərdim ki, bu mülkiyyət hüququnun zəiflədilməsidir. Malları 6 ay ərzində rəsmiləşdirməyən şəxslərin əmlakının dövlətə keçməsi hüquqi baxımdan mülkiyyət hüququnu zəiflədir və iqtisadi baxımdan sahibkarı yüksək risk altında qoyur. Bürokratik gecikmənin cəzaya çevrilməsi sağlam iqtisadi yanaşma deyil.
Nəqliyyat vasitələri ilə bağlı mexanizm – bazara mənfi siqnal artıq verməyə başlayıb. Bu yanaşma idxal bazarında qeyri-müəyyənlik yaradır, investisiya mühitini pisləşdirir, qeyri-rəsmi yolları stimullaşdırır. Biraz kobud alınsa da bu tənzimləmə deyil, risklərin artırılmasıdır. Açıq demək lazımdır ki, bu tip sərt və qeyri-müəyyən normayaratma praktikası hətta Cibuti kimi daha kiçik iqtisadiyyatlarda belə bu formada tətbiq olunmur. Bizdə isə “yenilik” adı ilə daha sərt, daha ağır və daha riskli mexanizmlər tətbiq edilir. Bu, inkişaf deyil, geriyə addımdır.
Əslində gəlin düşünək ki, iqtisadi qanunvericilik kimlər tərəfindən hazırlanmalıdır? Azərbaycan normayaratmasının acı təcrübəsi göstərir ki, iqtisadi qanunvericiliyin hazırlanması yalnız hüquqi texnika məsələsi deyil. İqtisadi qanunvericilik bazarın davranışını, qiymət formalaşmasını, rəqabət mühitini birbaşa müəyyən edir. Bu səbəbdən onu yalnız hüquqşünaslara həvalə etmək doğru deyil. Hüquqşünaslar qaydaların formalaşdırılmasında vacibdir, amma iqtisadi nəticələri proqnozlaşdırmaq, bazar reaksiyalarını qiymətləndirmək, təşviq və məhdudiyyət balansını qurmaq üçün iqtisadi təfəkkür lazımdır. Praktikamız da göstərir ki, həddindən artıq inzibatçılıq yaranır, qaydalar iqtisadi reallıqdan qopur, nəticədə iqtisadiyyata zərər vurulur.
Sadə dillə desək, hüquqşünasların yanaşması çox vaxt “nəzarət və tənzimləmə” üzərində qurulur, halbuki iqtisadiyyat “stimullaşdırma və balans” tələb edir. Bu iki yanaşma düzgün sintez olunmayanda ortaya bugünkü kimi problemlər çıxır. Reallıq ondan ibarətdir ki, vətəndaşların böyük bir hissəsi Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazıdır və təklif olunan dəyişikliklər bu narazılığı pik həddə çatdıra bilər. İqtisadi baxımdan isə daha ciddi məsələ var ki, gömrük siyasəti qiymətlərin formalaşmasına birbaşa təsir edir. Sadə nümunə ilə desək, xaricdə 8 manata olan məhsulun ölkəyə daxil olduqdan sonra 22+ manat səviyyəsində satışa çıxması təsadüfi deyil. Burada rol oynayan amillər isə gömrük rüsumları və əlavə ödənişlər, rəsmiləşdirmə xərcləri və gecikmələr və bazarda rəqabətin məhdudlaşmasıdır. Bu səbəbdən gömrük siyasəti inflyasiyaya təsir edən ən əsas kanaldır. Özümüz istehsal etmirik, amma ölkəyə gətirəndə birinin yerinə ikisinin pulu ödəyirik. Bu da yekun qiymətə təsir edir. Bu dəyişiklər həm də sahibkar üçün əsas problem: qeyri-müəyyənlik yaradır. Bu dəyişikliklərdən sonra əsas sual yaranır ki, qaydalar sabit olacaqmı? tətbiq mexanizmi şəffaf olacaqmı? Əgər cavab qeyri-müəyyəndirsə, onda investisiyalar azalacaq, biznes genişlənməyəcək, kölgə iqtisadiyyatı artacaq.
Bunu birdəfəlik qəbul etməliyik, şəffaflıq və intizam sərtləşdirmə ilə deyil sadələşdirilmiş prosedurlar,rəqəmsallaşma və iqtisadi əsaslı qərarlarla təmin olunur. Əks halda, bu cür yanaşma iqtisadiyyatı inkişaf etdirmək əvəzinə, onu daha bahalı, daha qapalı və daha riskli mühitə çevirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB