Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb - FOTOLAR

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb - FOTOLAR

İyunun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşa şəhərində keçiriləcək beynəlxalq konfransda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Belarusun “Belaya Rus” Partiyasının sədri Olqa Çemodanovanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

SİA xəbər verir ki, görüşdə Prezident İlham Əliyev ilə Prezident Aleksandr Lukaşenkonun iki ölkə arasında bərabərhüquqlu tərəfdaşlıq prinsipinə əsaslanan münasibətlərin inkişafına böyük önəm verdikləri, siyasi dialoq şəraitində iqtisadi-ticari, turizm, səhiyyə, elm, təhsil, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

İki dost ölkənin hazırda mürəkkəb geosiyasi şəraitdə - yeni dünya nizamına transformasiya ərəfəsində konstruktiv siyasət yürüdərək regional və qlobal təhlükəsizliyin təmini ilə bağlı prinsipial mövqe nümayiş etdirdikləri bildirilib. Milli maraqların qorunması və ortaq strateji hədəflərin gerçəkləşdirilməsi üçün beynəlxalq platformalarda qarşılıqlı dəstəyin önəmi vurğulanıb.

Görüşdə dövlətlərarası münasibətlərin inkişafında Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında əlaqələrin rolu diqqətə çatdırılıb. Cari ilin may ayında YAP nümayəndə heyətinin Belarusa səfəri məmnunluqla xatırlanaraq qarşılıqlı fikir və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.

2022-ci ildən etibarən hər il iyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransların ölkələr və partiyalar arasında münasibətlərin inkişafına təkan verdiyi vurğulanıb. Builki konfransın da mötəbər beynəlxalq tədbir kimi bütün iştirakçı tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə əminlik ifadə olunub.

Sonra Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi olub. Memorandumu YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və “Belaya Rus” Partiyasının sədri Olqa Çemodanova imzalayıblar.

Memorandumdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın siyasi-hüquqi əsaslarını möhkəmləndirməklə partiyalar arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldəcəyinə və dövlətlərarası münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə