Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozu 300 milyon manatdan çox üstələyib - Rəsmi

Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozu 300 milyon manatdan çox üstələyib - Rəsmi

2025-ci ildə dövlət maliyyəsinin idarə olunması sahəsində mühüm müsbət nəticələr əldə edilib. Belə ki, 2025-ci ildə dövlət büdcəsinin mədaxili 39,2 milyard manat olmaqla, proqnoza qarşı 829 milyon manat və ya 2,2 faiz, 2024-cü illə müqayisədə isə 2 milyard manat və ya 5,4 faiz çox icra edilib”.

SİA xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, qeyri-neft sektoru üzrə daxilolmalar proqnozla müqayisədə 311 mln. manat çox icra olunmaqla, 20,4 mlrd. manat təşkil edib və büdcə gəlirlərinin 52 faizi olmaqla, 2024-cü ilin göstəricisini 756 mln. manat üstələyib: “Dövlət büdcəsində qeyri-neft vergilərinin payının 59 faizə yüksəlməsi, əvvəlki illə müqayisədə isə 2,7 faiz bəndi artması büdcənin neft gəlirlərindən asılılığının azalmasının mühüm göstəricisidir. Ötən il vergi orqanlarının xətti ilə büdcəyə 16,4 milyard manat, gömrük orqanlarının xətti ilə isə 6,4 milyard manat vəsait təmin edilib. Vergi orqanlarının xətti ilə daxil olmuş vəsaitin 12 milyard manatı və ya 73,4 faizi qeyri-neft, 4,4 milyard manatı və ya 26,6 faizi neft sektorunun payına düşüb. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 680 milyon manat və ya 2024-cü illə müqayisədə 132 milyon manat çox olub”.

S.Babayev qeyd edib ki, hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu həcmdə, yəni 14,5 mlrd. manat transfert edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə