Nurlan Fətullayev: "Əminəm ki, tələbə adını qazanmaqla müəllimlərimə və əziz valideynlərimə böyük sevinc bəxş edəcəm"
Bu gün ölkəmizin hər yerində olduğu kimi, Bakı şəhəri Abdulla Şaiq adına 54 nömrəli tam orta ümumtəhsil məktəbində də 2025–2026-cı tədris ilinin məzunları üçün “Son Zəng” tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edərək məzunların sevincinə şərik olublar.
Məzunlar hazırladıqları maraqlı çıxışlar, şeirlər və musiqi nömrələri ilə bu unudulmaz günü daha da rəngarəng ediblər. Son zəng səsi məktəb illəri ilə vidalaşan şagirdlərimiz üçün yeni həyat mərhələsinin başlanğıcını simvolizə etdi.
Bəli, artıq onlar məktəb partası ilə vidalaşıb, böyük həyata qədəm qoyurlar. Onları həyatın keşməkeşli rüzgarı, böyük uğurları gözləyir. Bundan sonra bu məzunlar böyük həyatın şagirdləri adlanacaqlar. Müəllimləri isə həyat olacaq…
Bakı şəhəri Abdulla Şaiq adına 54 nömrəli tam orta ümumtəhsil məktəbinin 11a sinfinin əlaçı şagirdi, məzun adının sevincini yaşayan Nurlan Fətullayev SİA-ya açıqlamasında geridə qoyduğu məktəb həyatı, gələcəkdə onu gözləyən yeni planları barədə danışıb.”Bu gün məktəblə vidalaşıb yeni həyata addım atırıq. Əlbəttdə, oxuduğum məktəbi, sinif yoldaşlarımı və müəllimlərimi hər zaman böyük hörmətlə xatırlayacam. Xüsusilə mənim bilikli və bacarıqlı olmağım üçün əlindən gələni əsirgəməyən, daima diqqət və qayğısını hiss etdiyim müəllimlərimə dərin minnətdarlığımı bildirirəm. Məktəbli həyatımda daima məni dəstəkləyən, qayğıma qalan əziz valideynlərimə də bir ömür sonsuz minnətdalığımı ifadə edirəm. Valideyn sevgisini hiss etmək dünyada ən gözəl duyğudur.
Bundan sonra məni ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticə göstərib tələbə adını qazanmaq kimi böyük hədəf gözləyir. Əminəm ki, tələbə adını qazanmaqla müəllimlərimə və əziz valideynlərimə böyük sevinc bəxş edəcəm”.
Yeni həyatında uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq Nurlan!
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB