Rusiyanın regionlarında büdcə böhranı başlayıb...

Bu, son on ilin ən dərinidir…

...Rusiya regionları son on ildə ən dərin büdcə böhranına daxil olub və vəziyyət daha da pisləşməkdə davam edir.

SİA xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Kəşfiyyat Xidmətinin məlumatına görə, illik büdcəsi 156 milyard rubl olan Arxangelsk vilayətinin hazırda ehtiyatda cəmi 50, Volqoqrad vilayətinin 100, Belqorod vilayətinin isə 200 milyon rublu var.

Rusiyanın digər bölgələrində vəziyyət heç də yaxşı deyil, bəzilərində isə daha pisdir.

Büdcə böhranı səbəbindən Rusiya regionları təhsil və səhiyyə xərclərini azaltmağa məcburdur.

Məsələn, İrkutsk vilayəti təhsil və səhiyyə xərclərini 4,9 milyard rubl azaldır.

Rusiyanın 12 vilayətində müəllimlərin maaşları da azaldılıb. Büdcə boşluqlarını aradan qaldırmaq üçün Rusiyanın bir çox bölgələri kiçik biznes və nəqliyyat vergilərini artırmağa hazırlaşır.

Bu ilin sentyabrına Rusiya regionlarının ümumi büdcə kəsiri 724,8 milyard rubl təşkil edib. Rusiyanın 53 regionunda inflyasiyaya uyğunlaşdırılmış gəlirlər azalıb.

Ukrayna Xarici Kəşfiyyat Xidməti hesab edir ki, Rusiya regionlarında büdcə böhranı 2025-ci ilin sonuna kimi daha da pisləşəcək.

Problem ondadır ki, onların yeni gəlir mənbələri yoxdur, lakin xərclər artır. Büdcə böhranı ilə əlaqədar Rusiya regionları infrastrukturun təmirini təxirə salır.

Hətta məktəblərin təmiri də təxirə salınır.

Məsələn, Belqorodda maliyyə çatışmazlığı səbəbindən 1 nömrəli musiqi məktəbinin təmiri 2026-cı ilə qədər təxirə salınıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə