"Ermənistanın Azərbaycanla sülhə tam getməkdə tərəddüd etməsinin əsas səbəbləri kompleks və çoxşaxəlidir. İlk növbədə, Ermənistanın daxili siyasi vəziyyəti və mövcud siyasi elitanın maraqları bu prosesə ciddi təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, indiki hakimiyyət strukturunda bəzi qüvvələr sülh danışıqlarını zəyiflətmək və status-kvonu saxlamaq niyyətindədir. Bu əsasən milli təhlükəsizlik narahatlıqları, iqtisadi asılılıqlar və daxili siyasi balansın qorunması ilə bağlıdır: "Ermənistanın uzun illər davam edən təhsil və media siyasəti, cəmiyyətin bir hissəsində “Azərbaycanla kompromis mümkün deyil” kimi stereotiplərin dərin köklər salmasına gətirib çıxarıb. Bu isə sülh prosesini yalnız siyasi sənədlərlə deyil, həm də ictimai rəy baxımından çətinləşdirir. Regiondakı beynəlxalq aktorların mövqeyi də Ermənistana təsir göstərir. Bəzi xarici güclər Ermənistanın müəyyən mövqeləri qorumasını dəstəkləyir və beləliklə, sülhə tam yönəlməsini məhdudlaşdırır. Bütün bunların aradan qaldırılması üçün Ermənistanın həm daxili siyasi islahatlar keçirməsi, həm cəmiyyətin sülhə hazırlığı üçün maarifləndirmə işlərinin gücləndirilməsi, həm də region və beynəlxalq aktorlarla konstruktiv dialoqun intensivləşdirilməsi vacibdir. Eyni zamanda, Azərbaycan tərəfinin ardıcıl və şəffaf siyasəti, təhlükəsizlik təminatları və iqtisadi əməkdaşlıq imkanları təqdim etməsi Ermənistanın sülh prosesinə ciddi yanaşmasını təşviq edə bilər.
Sülhə doğru irəliləmək yalnız siyasi iradə və diplomatik səylərlə deyil, həm də cəmiyyətin düşüncə tərzindəki dəyişikliklərlə mümkündür. Ermənistanın maneələri aradan qaldırmaq üçün bu sahələrdə sistemli addımlar atılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə