Bakıdan Ermənistana SÜLH və ÇÖRƏK MESAJI...

Mətləb Salahov: “Azərbaycan Prezidentinin son qərarı iki ölkə arasında inteqrasiya prosesini sürətləndirməklə yanaşı, rəsmi Bakının real sülhə hazır olduğunu göstərdi”

“Azərbaycan artıq növbəti dəfə real sülhə və Vaşinqtonda imzalanan sənədlərin həyata keçirilməsi üçün əməli addımlar atmağa hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq barədəki qərarı bütün erməni cəmiyyətinə mühüm sülh mesajıdır. Azərbaycan dövlət başçısının olduqca tarixi sayılacaq bu qərarı bölgənin müharibə ritorikasından qurtulması və sülh üçün böyük imkanlar yaradır.
Artıq ən qatı anti-Azərbaycan qüvvələrinin, xüsusilə İrəvandakı keçmiş müharibə cinayətkarı olan revanşistlərin sülh məsələsində və Ermənistanla inteqrasiya barədə azacıq irad və bəhanələri belə qalmadı. Bu, çox mühüm məsələdir.”
Bu barədə SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Ermənistanın bölgədəki inteqrasiya prosesinə qoşulması, loqistika və digər iqtisadi layihələrə daxil edilməsi üçün Azərbaycanın atdığı son addımın böyük önəmi var: “Bu qərarla Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırmış oldu. Artıq İrəvanda küçə süpürənindən akademikinə qədər aydın şəkildə anladılar ki, Bakı ilə inteqrasiya Ermənistanın tək çıxış yoludur. Diqqət edin: Artıq heç bir maneə olmadan Qazaxıstan taxılı Aktau-Bakı marşrutu ilə Ermənistana çatdırılacaq. Bu Azərbaycanın Ermənistana sözün əsl mənasında “çörək hədiyyəsidir”. İndi top rəsmi İrəvandadır. Ararat Mirzoyanın qərəzli bəyanatlarından fərqli olaraq Nikol Paşinyan da real sülh üçün populist bəyanatlar əvəzinə əməli işə keçməlidir. Bu nə vaxt olacaq? – onu da zamana buraxaq...”

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə