İnfarktın əsas əlamətləri hansılardır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Ürək-damar sistemi xəstəlikləri dünyada baş verən ümumi ölüm səbəbləri arasında ilk yerlərdən birini tutur". Bu sözləri SİA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinin müdiri Səbinə Babayeva deyib.

O bildirib ki, bu potologiyalar arasında ilk sıralarda kəskin koronar qan dövranı pozulması olan Miokard infarktını qeyd etmək olar: "Miokard infarktı həyati təhlükəli hallar olan koronar qan dövranının qısa müddət ərzində kəskin pozulması nəticəsində miokardin qan təchizatının pozulması və nəticədə toxuma nekrozunun əmələ gəlməsi ilə xarakterizə olunur. Damar mənfəzinin trombla və ya uzunmüddətli spazmla tutulması nəticəsində koronar qan dövranı pozulur. Bu zaman xəstəyə aparılan ilkin yardımın tezliyindən xəstənin həyatı asılı olur".

Onun sözlərinə görə, Miokard infarktının yaranma səbəbləri bunlardır: "Damarların aterosklerotik zədələnməsi, bu zaman damar mənfəzi aterosklerotik pilaklarla daralır və miokardin işemiyası baş verir.

Damar daxili tromboz və ya emboliya.

Miokard infarktının yaranması risk faktorlarına aiddir: Yaş (daha çox 40 yaşdan yuxarı insanlarda), BMI yüksək olması, stress, yanaşı şəkərli diabet və hipertoniya kimi xəstəliklərin olması, oturaq həyat tərzi, tütün istifadəsi aiddir. Kişi xəstələrdə Miokard infarktı və həmçinin digər ürək-damar xəstəliklərinə rastgəlmə tezliyi qadınlara nisbətən daha yüksəkdir. Əsasən 40-60 yaş arasında daha tez-tez rast gəlinir. Bu da qadınlarda qadın hormonların (esterogenlərin) yüksək olması ilə əlaqəli baş verir. Miokard infarktı zamanı xəstədə döş sümüyün arxasında olan güclü, yandırıcı, bəzən küt və sıxıcı xarakterli ağrılar, bu ağrıların sol qola, çənə altına, kürəkaltı nahiyyəyə yayılması, ümumi zəiflik, soyuq tər basması, bəzi hallarda tənginəfəslik yaranır. Bu əlamətlər qəflətən və qısa müddət ərzində baş verir və artır. Belə hallarla xəstə dərhal təcili yardıma müraciət etməlidir və hospitalizasiya olunmalıdır.

Xəstəyə 6 saata qədər koronar angioqrafiya olunmalı və lazımi müalicə taktikası seçilməlidir. Bu zaman xəstənin həyatı operativlikdən çox asılıdır. Vaxtında olunan yardım çox vaxt miokardi infarktın və ölüm hallarının baş verməsinin qarşısını alır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə