“Sülhün, təhlükəsizliyin möhkəmləndirilməsində iki dövlətin mövqeyi üst-üstə düşür” - ŞƏRH OLUNDU
“Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ikitərəfli münasibətlərin inkişafına töhfə oldu. Dövlət başçıları hərtərəfli əlaqələrin möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığa yeni təkan verilməsi istiqamətində növbəti müzakirə apardılar. Əldə olunan razılaşmalar isə strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin genişlənməsinə dəstəkdir. Liderlərin yüksək səviyyədə intensiv siyasi dialoqu qarşılıqlı etimadı gücləndirir. Bu dəfəki səfər zamanı isə gələcək çoxtərəfli qarşılıqlı fəaliyyətin prioritetləri müəyyənləşdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nigar Məmmədova deyib.
Deputat bildirib ki, Ali Dövlətlərarası Şuranın iclası da nəticəyönümlü müzakirələrlə yadda qaldı: “Tərəflər ən yaxın perspektivdə əmtəə dövriyyəsini ikiqat artırmaq barədə razılıq əldə etdilər. Bu da hər iki tərəf üçün iqtisadi dividendlərin əldə olunmasını sürətləndirəcək. Vacib istiqamətlərdən biri də yüklərin ixracı üçün yeni Trans-Xəzər bərə sisteminin yaradılmasının gündəmə gəlməsidir.
Bakı və Astana həm də energetika sahəsində əməkdaşlığı möhkəmləndirir. Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan marşrutu ilə nəqli, həmçinin bu strateji xammalın Azərbaycan ərazisindən təhlükəsiz tranziti ixrac həcminin artırılması ilə bağlı yeni hədəflər yaradıb. Bir sözlə, Azərbaycan Qazaxıstanın irəli sürdüyü əsas təşəbbüsləri daim dəstəkləyir.
Regional və qlobal səviyyələrdə sülhün, təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsində də ölkələrimizin mövqeyi üst-üstə düşür. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması Astana tərəfindən də dəstəklənir və Qazaxıstan Azərbaycanı Cənubi Qafqazda dayanıqlı sülhün qarantı hesab edir. Cənab Prezidentin də söylədiyi kimi: “Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində bu məsələ haqqında, ümumiyyətlə, həmin razılaşmaların Cənubi Qafqaza və daha geniş coğrafiyaya, o cümlədən nəqliyyat-logistika sahəsinin inkişafına müsbət təsiri müzakirə olunub”.
Bu mənada biz artıq avqustda Vaşinqtonda əldə olunan razılaşmaların iqtisadi əməkdaşlığın möhkəmlənməsinə hesablanan real nəticələrini görürük. Dövlət başçımız bəyan etdi ki, “Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Bununla rəsmi Bakı sülhün praktikada mövcudluğunu nümayiş etdirmiş oldu.”
Azərbaycan və Qazaxıstan yeni nəqliyyat yollarını bütün tərəflərin maraqlarına cavab verən imkana çevirir. Geniş mənada baxdıqda, Avrasiya regionu ilə bağlı həyata keçirilən layihələr Cənubi Qafqaz və Mərkəzi Asiyanı daha çox bir-birinə inteqrasiya edir. Ötən gün Astanada həmçinin Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı təqdimat da baş tutdu. Cənab Prezidentin də söylədiyi kimi, Orta Dəhlizin daha bir vacib marşrutu - Zəngəzur dəhlizinin açılışı isə 2028-ci ilin sonuna qədər baş verə bilər. Bu isə daha böyük potensialın reallaşmasına zəmin yaradacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə