Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa da daxil olmaqla 19-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen verdiyi açıqlamada bildirib: "Aİ bu gün Danimarkanın sədrliyi dövründə 19-cu sanksiya paketini qəbul edib. Bu, Rusiyanın ən böyük gəlir mənbəyi olan neft və qazın dayandırılması, üstəlik, geridə qalma tədbirlərinin davam etdirilməsi üçün həlledici addımdır. Buna ABŞ-ın yeni sanksiyalarını da əlavə etiyimiz zaman bu da Rusiya iqtisadiyyatına ciddi təsir göstərəcək".

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas da 19-cu sanksiya paketinin təsdiqləndiyini açıqlayıb: "Bu paket Rusiya banklarını, kriptovalyuta birjalarını, Hindistan və Çindəki təşkilatları və digərlərini hədəf alır. Aİ sabitliyi pozmaq cəhdlərinə qarşı çıxmaq üçün rus diplomatlarının hərəkətini məhdudlaşdırır. Putin üçün bu müharibəni maliyyələşdirmək getdikcə çətinləşir".

Aİ Komissiyasının sədri Ursula fon der Leyen deyib: "Aİ-yə üzv ölkələr Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyiblər. Biz təcavüzkara qarşı yüksək təzyiqimizi davam etdiririk. İlk dəfə olaraq Rusiyanın müharibə iqtisadiyyatının ürəyi olan qaz sektorunu hədəfə alırıq. Ukrayna xalqı ədalətli və davamlı sülhə nail olana qədər mübarizəmizi davam etdirəcəyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə