"İsmarıc yazan biri danışdığı kimi yazmağı daha səmimi hesab edir" - AYDINLIQ GƏTİRİLDİ
Müasir dövrdə qloballaşmanın təsiri ilə dilimizdə bir sıra dəyişikliklər müşahidə olunur. Xüsusilə sosial şəbəkələr və texnologiyanın sürətli inkişafı nəticəsində insanlar gündəlik ünsiyyət zamanı yazılı və şifahi formada dil qaydalarına riayət etməməyə başlayıblar. Sözlərin düzgün yazılmaması, qrammatik səhvlər və nitqdə qarışıq dillərdən istifadə kimi hallar dilin zənginliyinə və saflığına ciddi təhdid yaradır. Ən çox diqqət çəkən məsələlərdən biri də türkcə, rusca və ingiliscə sözlərin Azərbaycan dilinə uyğunlaşdırılmadan istifadə edilməsidir. Bu tendensiyanın yaranması və yayılması, bir tərəfdən dilə qarşı biganə münasibətdən, digər tərəfdən isə dil təliminin zəifləməsindən xəbər verir.
Məsələ ilə bağlı filologiya elmləri doktoru, professor AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməd SİA-ya fikirlərini bölüşüb: “Yazı qaydalarına əməl olunmaması ya savadsızlıqdan, ya da ona ciddi yanaşmamaqdan irəli gəlir. Mətnin yazılma məqsədinin və növünün də buna müəyyən təsiri var. Çox vaxt ismarıc yazan biri danışdığı kimi yazmağı daha səmimi hesab edir.
Hansı səbəbdən olmasına baxmayaraq, məncə, bu doğru deyil. İstər yazı qaydalarına əməl olunmaması, istərsə də qarşılığı olduğu halda dildə yad sözlərdən istifadə dilin zəifləməsinə və tədricən ölü dil statusu qazanmasına yol açar. Mümkün qədər alınma sözlərin qarşılığını yaratmaq və bu zaman da dil qaydalarına riayət etmək, dilimizin aqlünativliyini gözləmək vacibdir. Türk dillərinə müraciət etməyi isə söz ehtiyatının artırılması baxımından müsbət yanaşıram. O halda ki, türk dillərindən almaq və istifadə etmək istədiyimiz söz həmin dilin özündə türk dil qaydalarını pozmuş olmasın və bizim də dilimizə zərər vurmasın”.
Bütün xəbərlər Facebook səhifəmizdə